arrow

Təhlükəsiz qida zəncirində bilik və inkişafın RİTM-i

Təhlükəsiz qida zəncirində bilik və inkişafın RİTM-i
13-11-2026 10:37

Qida təhlükəsizliyi sahəsində bilik və bacarıqların inkişafı istiqamətində mühüm addım atılıb – RİTM (Rəqəmsal və İnnovativ Təlim Mərkəzi) rəqəmsal təlim platforması hazırlanıb. 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən yaradılan RİTM qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrini əhatə edən müasir və vahid təlim mühiti kimi formalaşdırılıb. Platforma qida zəncirinin bütün mərhələləri üzrə peşə səriştələrinin sistemli şəkildə mənimsənilməsinə xidmət edir. 

RİTM-in əsas məqsədi bu sahədə fəaliyyət göstərənlərin məlumatlara çıxışını asanlaşdırmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək, inkluzivlik və təhlükəsiz qida zəncirinin gücləndirilməsinə töhfə verməkdir. 

Əsas istiqamətlərdən biri sahibkarlıq subyektləri üçün qanunvericiliyin tələblərinə uyğun gigiyenik təlimlərin əlçatanlığını təmin etməkdir. Belə ki, qida sahəsində fəaliyyət göstərən bütün sahibkarlıq subyektləri, fəaliyyət göstərdikləri ərazidən və ölçüsündən asılı olmayaraq, qanunvericiliklə nəzərdə tutulan zəruri gigiyenik təlimlərdən bu platforma vasitəsilə yararlana biləcəklər.

Rəqəmsal təlim yanaşmaları vasitəsilə öyrənmə daha çevik və effektiv olacaq, istifadəçilər isə istənilən məkandan inkluziv şəkildə biliklərini artırmaq imkanı əldə edəcəklər.

RİTM – təhlükəsiz qida zəncirinin inkişafına xidmət edən innovativ və etibarlı rəqəmsal təlim platformasıdır.

Faydalanmağa tələsin.  

Ətraflı məlumat üçün: 

https://ritm.afsi.gov.az/