AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Sitrus bitkilərinin karantin xəstəlikləri və qabaqlayıcı tədbirlər
02-03-2023 15:34

İmmun sisteminin əsas struktur elementlərindən biri sayılan C vitamini ilə zəngin olan sitrus meyvələri qış aylarında daha çox istehlak edilir. Əsasən tropik və subtropik iqlim şəraitinə malik olan ölkələrdə yetişdirilən sitrus bitkiləri orqanizm üçün faydalı olduğu kimi iqtisadi cəhətdən də böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, vegetasiya müddətində düzgün qulluq olunmaması, eləcə də əlverişsiz iqlim şəraiti sitrus bitkilərinin də digər bitkilər kimi zərərverici və xəstəlik törədiciləri ilə sirayətlənməsinə səbəb olur.

Sitrus bitkilərinin karantin əhəmiyyətli xəstəliklərinə sitrus tristeza virusu (Citrus tristeza virus), sitrus bitkilərinin xərçəngi (Xanthomonas citri subps citri), sitrus bitkilərinin ziyilliliyi (Elsinoe fawsetti) və sitrus bitkilərində Malsekko (Phoma tracheiphila) daxildir.

Sitrus bitkiləri üçün iqtisadi cəhətdən təhlükəli viruslardan biri sitrus tristeza virusudur. Şimali və Cənubi Amerika, eləcə də bəzi Aralıq dənizi ölkələrində bu xəstəlikdən ümumilikdə 10 milyonlarla ağac məhv olub. Virus Asiya mənşəli olub sitrus bitkiləri becərilən əksər ölkələrdə yayılıb. Virusun əsas sahib bitkiləri sitrus bitkiləridir (naringi, portağal, limon, greyfrut, laym və s.). Bitkilərdə yarpaq ayasının saralması, rənginin solğunlaşması, damarların şəffaflaşması və xloroz, meyvələrdə deformasiya, cırlaşma və əmtəəlik görünüşünün itirilməsi xəstəliyin başlıca əlamətlərindəndir. Sirayətlənmiş bitkilərin gövdələrində şişkinliklər, qabığın altında balıq dişi formasında çıxıntılar, xüsusilə turşuluğu çox olan portağal növlərində tumurcuq topasının aşağısında qabarmalar və qabıq üzərində kiçik dəliklərin əmələ gəlməsi müşahidə olunur. Yazda bitkilərin qısa müddətdə solması, yarpaqlarının tökülməsi, cırlaşması və zəifləməsi Sitrus tristeza virusunun ən mühüm simptomlarındandır. Güclü sirayətlənmə zamanı virus bitkinin tamamilə qurumasına səbəb olur. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə laborator müayinələrə cəlb edilmiş sağlam əkin materiallarından istifadə olunmalıdır.

Sitrus bitkilərinin xərçəngi xəstəliyinin törədicisi Xanthomonas citri subps.citri bakteriyasıdır. Xəstəliyin müşahidə edildiyi bitkilər sədokimilər (Rutaceace) fəsiləsindən olan sitrus və kinkan cinslərininin növlərinə aiddir. Xəstəliyin simptomları isə bitkilərin yarpaq, gövdə və meyvələrində demək olar ki, bir-birinə bənzər olub ləkə və yaralar şəklində özünü göstərir. Sirayətlənmə küləkli, yağışlı havada ağızcıqlar və bitkidə olan mexaniki zədələr vasitəsilə baş verir. Xəstəliyin inkişafı üçün optimal temperatur 28-30°C təşkil edir. Bitkilərin müxtəlif hissələrində əmələ gələn ləkə və zədələrin rəngi açıq-sarı, forması qabarıq süngərşəkilli, ölçüsü isə 2-10 mm olur. İlk vaxtlar ləkələr dairəvi, sonra isə nizamsız forma alır. Nekrotik toxumanın ətrafında sulu və yağlı  haşiyənin müşahidə edilməsi, meyvə və yarpaqların tökülməsi xəstəliyin əsas əlaməti kimi xarakterizə olunur. Xəstəlik ciddi məhsul itkisinə səbəb olur. Buna görə də, sitrus bitkilərinin xərçəngi xəstəliyinin yayıldığı ölkələrdən sitrus meyvələri və əkin materiallarının idxalı qadağan olunmalı, həmçinin xəstəliyə qarşı davamlı sortlar seçilməlidir.

Sitrus bitkilərinn ziyilliliyi (Elsinoe fawsetti) göbələk mənşəli xəstəlikdir. Xəstəliyə  portağal, qreyfrut, limon və naringi sortlarında rast gəlinir. Xəstəlik əsasən yağış suları, həşərat və küləklə ötürülən su damcıları ilə yayılır. Patogenin inkişafı üçün optimal temperatur 20-21° C-dir. Yaz fəslində yarpaqlarda və zoğlarda  kiçik, qabarıq, həlqəvi, açıq sarı rəngli ləkələr müşahidə olunur. Yarpaq və zoğlar inkişaf etdikcə, bu ləkələr böyüyüb sarı çəhrayı rəngli ziyillərə çevrilir. Xəstə yarpaqlar büzüşür və asimmetrik forma alır. Güclü sirayətlənmiş zoğlar inkişafdan qalır, əyilir və məhv olur, meyvələrdə isə çəhrayı-sarı rəngli ziyillər əmələ gəlir. Nəticədə meyvələrin keyfiyyəti aşağı düşür, məhsuldarlıq azalır. Bunun qarşısını almaq üçün sitrus tinglərinin laborator müayinəsi aparılmalı, xəstəliyə qarşı davamlı sortlar əkilməli və müvafiq fungisidlərdən istifadə edilməlidir.

Sitrus bitkilərinin digər karantin əhəmiyyətli xəstəliyi Malsekko yoluxucu qurumadır. Xəstəliyin törədicisi bitkinin bütün hissələrini sirayətləndirib qurumasına səbəb olan Phoma tracheiphila göbələyidir. Bu göbələk bitkilərin budaq və köklərinə zədələnmiş yerlərdən, yarpaqlara isə ağızcıq hüceyrələrindən daxil olur. Göbələyin inkişafı üçün optimal temperatur 20-25° C, nisbi rütübət 65-95 %-dir. Malsekko adətən oktyabr-mart aylarında yayılır. Ən çox yayılma isə oktyabrda müşahidə edilir. Göbələyin sporları yağış və külək vasitəsilə yayılır. Malsekkonun ilk əlamətləri yarpaqların saralması ilə özünü göstərir. Bu görünüş xəstəliyin ən tipik əlamətidir. Piknosporlar su keçirici borular olan ksilema toxuması vasitəsilə aşağı, qalın çoxillik budaqlara doğru hərəkət edir. Beləliklə, kökə çatan xəstəlik bütün ağacın qurumasına səbəb olur. Yeni qurumuş budaqların en kəsiyində müşahidə edilən narıncı-tünd qəhvəyi rəng xəstəliyin xarakterik əlamətlərindən biridir. Bu xəstəliyə əsasən limon, naringi və portağal bitkilərində rast gəlinir. Malsekko limon sortlarına və onun hibridlərinə isə daha çox ziyan vurur. Limonda məhsuldarlıq 25%-ə qədər azala bilir. Bitkiləri bu xəstəlikdən qorumaq üçün ilk növbədə əkin zamanı sağlam və davamlı sortların tinglərindən istifadə edilməlidir. Eyni zamanda ağaclara davamlı nəzarət olunmalı, xəstəliyin əlamətləri müşahidə edilən budaqlar kəsilərək yandırılmalıdır.

Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Tərlan Qorçiyeva və Nəzrin Sairbəyli tərəfindən hazırlanıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır