AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Qənnadı məmulatlarının istehlakı zamanı nələrə diqqət yetirilməlidir?
24-03-2023 19:53

Unlu və şəkərli olmaqla iki qrupa bölünən qənnadı məmulatları tərkibi, qidalılıq dəyəri və hazırlanma texnologiyasına görə fərqlənir. Unlu qənnadı məmulatlara peçenye, pryanik, vafli, tort, piroq, keks, şəkərli qənnadı məmulatlara isə marmelad, karamel, şokolad, mürəbbə, cem, povidlo kimi məhsullar aiddir.

İlk növbədə qeyd edək ki, qənnadı məmulatlarının daşınma və saxlanma rejiminə düzgün riayət edilməlidir. Bu rejimə əməl olunmadıqda, məhsul insan sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Tərkibinə xaricdən bir çox zərərli kimyəvi maddələrin, o cümlədən ağır metal duzların, toksiki elementlərin, həmçinin mezofil və anaerob mikroorqanizmlər, kif və maya göbələklərinin düşməsi nəticəsində məhsulların keyfiyyəti itir. Sadalanan maddələrin miqdarı tibbi-bioloji tələblərin normalarını keçdikdə isə insan orqanizmində ciddi xəstəliklər yarana bilir.

Düzgün qablaşdırılma məmulatların xarici təsirlərdən etibarlı qorunması üçün vacib şərtdir. Bu proses məhsulun konkret çeşidi, eləcə də normativ texniki sənədlərin tələbinə uyğun olmalıdır. Məmulatlar əsasən içərisinə perqament kağızı sərilmiş taxta, yaxud karton yeşiklərə, çəki ilə satılanları isə karton qutu və sellofan paketlərə qablaşdırılır. Mürəbbə, cem, povidlo kimi şəkərli qənnadı məmulatlar isə şüşə və ya tənəkə bankalara qablaşdırılaraq satışa çıxarılır. Qablaşdırılmayan məhsullar haqqında informasiya ticarət obyektində məlumat vərəqində aydın şəkildə göstərilməlidir. Hər bir istehlakçı bu tip məhsulları alarkən onun saxlanma şəraitinə, qablaşdırmanın üzərindəki markalanmada qeyd edilən məlumatlara diqqət yetirməlidir.

Konfetlərin markalanması qənnadı məmulatları üçün adidir. Drajelər bədii tərtibatlı dəstələrə, paketlərə, qutulara qablaşdırılır. Drajenin saxlanma şəraiti konfetlərdə olduğu kimidir və günəş işığı şüasının təsirindən qorunmalıdır. Karamel, halva 18°C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75%-dən çox olmamaqla saxlanmalıdır. Saxlanma rejimi pozulduqda halvadan yağ axır, acılaşır, xoşagəlməz dad verir və qoxu gəlir. Havanın nisbi rütubətinin artması da yağın axmasına səbəb olur. Şokoladı isə 18° C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75%-dən çox olmamaqla quru, təmiz, yaxşı havalandırılan, anbar zərərvericiləri ilə yoluxmayan, birbaşa günəş işığı düşməyən yerdə saxlamaq lazımdır. 50 q və daha çox kütləsi olan şokoladın markalanmasında isə əsas komponentlərin tərkibi mütləq göstərilməlidir.

Tez xarab olan qənnadı məhsullarının daşınması 6° C-dək temperaturda və xüsusi nəqliyyat vasitələrində həyata keçirilməlidir. Məhsulların saxlanma rejimini xarakterizə edən əsas göstəricilər havanın temperaturu və havanın nisbi rütubəti, sanitar-gigiyenik şərtlər, işıqlandırma, otaqların havalandırılmasıdır. Məhsulların düzgün yerləşdirilməsi və düzülməsi, eləcə də mal qonşuluğu prinsipinə riayət edilməsi zəruridir.

Unlu qənnadı məmulatlarının forması düzgün və zədəsiz, dadı və iyi isə çeşidinə müvafiq olmalıdır. Bu tip məhsullar kənar iy və dad verməməlidir. Unlu qənnadı məmulatlar soyuducuda əsasən 18° C-dən aşağı temperaturda və 65-75% nisbi rütubətdə saxlanmalıdır. Bu rejimə əməl edilməklə növ və çeşidindən asılı olaraq tort və piroqlar 3 saatdan 1 ayadək, vaflilər 1-3 ay, pryaniklər 10-45, kekslər 2-12, ruletlər isə 5 gün, saxlana bilər. Açıq şəkildə satılan qənnadı məmulatları, xüsusilə də unlu qənnadı məhsulları xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməlidir. Bu tip məhsullar yalnız əlcək, maska, başlıq və digər xüsusi gigiyenik vasitələrlə təmin olunmuş işçi heyət tərəfindən istehlakçılara təqdim edilməlidir.

Mürəbbə və cemlər isə pasterizə edilmiş halda 6 ay, hermetik qabda olanlar 12 ay, şokoladlar 2-6 ay, konfetlər 1-4 ayadək, irislər 2-6 ay, karamel məmulatı 15 gündən 6 ayadək saxlana bilər. Şüşə bankalarda qablaşdırılmış mürəbbə, cem və povidlolar qapağı açıldıqdan sonra içərisindəki maddələr hava ilə təmas zamanı oksidləşir və nəticədə məhsul yararsız vəziyyətə düşür. Ona görə də, qapağı açılandan sonra bu  kimi məhsullar 2-4 həftə ərzində mütləq istehlak edilməlidir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır