AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Antibiotiklərə qarşı davamlılığın təhlükələri
2021-08-21 14:39:00

Antibiotiklərə qarşı davamlılıq və ya rezistentlik - mikroorqanizmlərin, o cümlədən patogenlərin bir və ya daha çox antibakterial preparatın təsirinə qarşı özünümüdafiə xüsusiyyətidir. Antibiotiklərə qarşı rezistentliyin yaranması prosesi paralel olaraq mikroorqanizmlərin bu preparatlara qarşı həssaslığının azalması ilə müşayiət olunur.

Təsnifatına görə rezistentliyin mikroorqanizmlərdə təbiətən mövcud olan təbii, genetik mutasiya nəticəsində yaranan və genlərarası mübadilə ilə qazanılan növləri mövcuddur. Antibiotiklərin istifadəsi ilə mikroorqanizmlərdə yaranan rezistentlik elementləri multirezistentliyə (çarpaz rezistentlik) səbəb olur. Dinamik olaraq davam edən bu proses ekoloji mühit və insan sağlamlığının təmin olunması baxımından qlobal problemə çevrilib. Bir neçə antibakterial preparata qarşı davamlı olan mikroorqanizmlər multirezistent (polirezistent) və ya “superbakteriyalar” adlanır.

Qeyd etmək lazımdır ki, antibiotiklərə qarşı davamlı olan infeksion xəstəlik törədiciləri dünyada hər il milyonlarla insanın həyatına son qoyur. Çağdaş dövrdə antibiotikorezistentlik faktoru səbəbindən əhali arasında bir sıra təhlükəli yoluxucu xəstəliklərin, xüsusilə multirezistent patogenlər tərəfindən törədilən infeksiyaların qarşısının alınması mümkünsüz hala çevrilib.

Məlum olduğu kimi, müxtəlif mikroorqanizm növlərində tətbiq olunan preparatlara qarşı spesifik rezistentlik formalaşır (göbələklərdə göbələkəleyhi preparatlara, viruslarda virusəleyhi preparatlara, ibtidailərdə protozoaəleyhi preparatlara və bakteriyalarda antibakterial preparatlara qarşı). Mahiyyət etibarilə bakteriyalarda antibiotiklərə qarşı yaranan rezistentlik qlobal əhəmiyyət kəsb edir. Belə ki, uyğun tərkib və ya təsir mexanizminə malik olan antibiotiklərin səhiyyə ilə müqayisədə baytarlıqda, qida sənayesində və kənd təsərrüfatının digər sahələrində çox istifadə olunması məhz bakterial rezistentliyə səbəb olduğundan insan və heyvan sağlamlığı, eləcə də ətraf mühit üçün yüksək risk təşkil edir. Bu proses rezistent patogenlərin yaranması ilə yanaşı, həmçinin yayılması baxımından da təhlükəli hesab olunur. Odur ki, bəşəriyyət üçün törədə biləcəyi təhlükələr nəzərə alınmaqla antibiotiklərin istifadəsi ilə bağlı WHO, OIE və FAO kimi beynəlxalq təşkilatlar tərəfindən qlobal strategiyaya uyğun olaraq antibiotikorezistentliyə qarşı mübarizə tədbirləri çərçivəsində “Vahid dünya – Vahid sağlamlıq” konsepsiyasının prinsipləri əsasında tənzimlənmələr həyata keçirilir.

Qeyd edək ki, rezistent bakteriyaların heyvan populyasiyasından insan populyasiyasına ötürülməsi başlıca olaraq heyvan mənşəli qida məhsullarının (süd, ət, yumurta və s.) istehlakı, heyvanlarla təmas və ya ətraf mühit vasitəsilə baş verir. Nəzərə almaq lazımdır ki, antibiotiklərin heyvandarlıqda terapevtiki və profilaktiki məqsədlər üçün qeyri-rasional istifadəsi, eləcə də boy stimulyatoru kimi tətbiqi rezistentliyin artmasına səbəb olur. Bu proses eyni zamanda istifadə olunan antibiotiklərin farmakoloji sinfindən asılıdır. Məsələn, qlikopeptidlər, sefalosporinlər və xinolonların tətbiqi ilə MRSA (methicillin-rezistent staphylococcus aureus) infeksiyalarının artması aşkarlanıb.

Rezistentliyin müxtəlif səbəblərdən (mikroorqanizmin antibiotikin nüfuz edə bilməyəcəyi quruluşa malik olması, mikroorqanizm tərəfindən antibiotikin qeyri-aktiv formaya çevrilməsi, genetik mutasiya, gen mübadiləsi və s.) yaranması barədə ədəbiyyat məlumatlarına rast gəlinir.

Antibiotiklərin bakteriyaların hüceyrə divarını zədələməsi, zülal və nuklein turşuları sintezini əngəlləməsi, hüceyrə membranı keçiriciliyini pozması, həmçinin antimetabolik xüsusiyyəti ilə bağlı təsir mexanizmləri mövcuddur.

Rezistom kimi tanınan rezistent genlərin patogen bakteriyalar tərəfindən horizontal olaraq ekosistemdə yayılması intensiv baş verir. Əczaçılıq və tibb müəssisələrindən, eləcə də heyvandarlıq təsərrüfatlarından tullantı suları ilə çay və dənizlərə axıdılan antibiotik qalıqları isə rezistentliyin su mühitində yayılmasına təkan verir.

Beləliklə, ekoloji sistemin tarazlığını antibiotikorezistentliyin mənfi təsirlərindən qorumaq üçün ilk növbədə antibiotiklərə dair əhali arasında aparılan maarifləndirmə tədbirləri gücləndirilməlidir. Həmçinin bu preparatların baytarlıq sahəsində kortəbii istifadəsinə yol verilməməli, infeksiyalar zamanı antibiotiklərin minimum və effektiv tətbiqinə nail olunmalı, tibdə kritik əhəmiyyət kəsb edən antibiotiklərin heyvandarlıqda istifadəsinə yol verilməməli, biostimulyator kimi və profilaktik məqsədlər üçün antibiotiklərin istifadəsi məhdudlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, heyvan rifahının təmin edilməsi və infeksiyalara qarşı peyvəndləmə tədbirlərinin təkmilləşdirilməsi ilə antibiotiksiz heyvan mənşəli qida məhsulları istehsalına nail olunması qida təhlükəsizliyinin əsas hədəflərindəndir.

Məqalə AQTİ-nin  Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, K. Əliyeva, Ç. Əliyeva, Ş. Məmmədova tərəfindən hazırlanıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır