AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Arı mumunun faydalı xüsusiyyətləri

Arı mumu - işçi arılar tərəfindən sintez olunan, xarakterik bal qoxusuna malik, yağabənzər, çoxkomponentli bərk maddədir. Sarı, ağ və ya ağımtıl rəngdə olur. Sarı arı mumu bilbaşa pətəkdən, digərləri sarı bal mumundan əldə edilir.

Arılar mumu tüpürcək vəzilərinin şirəsində həll edərək şanın toxunması prosesində ondan yararlanırlar. Ana və erkək arılarda mum ifrazat vəziləri olmur. 13-18 günlük arıların qarnındakı mum vəziləri tərəfindən ifraz olunan maye mum ciblərində toplanır. Həmin maye hava ilə təmas nəticəsində bərkiyərək, yarımşəffaf lövhəciklər əmələ  gətirir. Bu lövhəciklərdən “tikinti materialı” kimi istifadə edən işçi arılar şanı yığmaq, ana və erkək arılar isə sürfə çıxarmaq, həmçinin nəsil artırmaq üçün üskükvari yuvalar düzəldirlər.

Arılar 1 qram mum istehsal etmək üçün 10 qram bal yeməlidir. Arı ailəsi yaz-yay mövsümündə 3-5 kiloqrama qədər mum hasil edə bilir. Sarı rəngli təmiz mumun normal çəkisi 20° C-də 0,959 qrama bərabərdir. Temperaturun yüksəlməsi mumun sıxlığını azaldır və 62-68° C-də əriyərək istənilən formanı alır. Ərimə temperaturunun yüksək olması mumun keyfiyyətinə müsbət təsir göstərir.

Arı mumu mürəkkəb biokimyəvi tərkibə malik olub, özündə sadə və mürəkkəb efirlər, sərbəst yağ turşuları, karbohidratlar,  karbohidrogenlər və digər maddələr də daxil olmaqla 300-dən çox komponenti birləşdirir. Mumun tərkibindəki mürəkkəb efirlər digər maddələrlə kimyəvi reaksiyaya girmir ki, bu da mumun    uzun müddət (hətta yüz illərlə) öz keyfiyyətini saxlamasına gətirib çıxarır.

Arı mumu ətraf mühit amillərinə - havanın temperaturuna və nəmliyinə qarşı çox davamlıdır, odur ki, oksidləşmir və çəkisi də dəyişməz qalır.  

Zəngin tərkibə malik arı mumundan tibdə, kosmetologiyada və digər sahələrdə geniş istifadə olunur. Qeyd edək ki, Avropa ölkələrində qida əlavəsi kimi qeydiyyata alınan arı mumu bioloji aktiv məhsul kimi güclü antiseptik təsirə malikdir. Belə ki, mumun  tərkibinin A və C vitaminləri, antibakterial maddələr, həmçinin antioksidantlarla zənginliyi yara və kəsiklərin tez sağalmasında, iltihabı proseslərin qarşısının alınmasında mühüm rol oynayır. Antibakterial xüsusiyyətlərinə görə mum bağırsaqların mikroflorasını normallaşdırır, disbakteriozu aradan qaldırır, orqanizmi toksinlərdən və ağır metallardan təmizləyir.

Mütəmadi olaraq arı mumu çeynəmək immun sistemini gücləndirir. Bu arıçılıq məhsulundan stomatologiyada qəliblərin hazırlanması məqsədilə də yararlanılır. Mum elektrotexnika, poliqrafiya, ağac emalı, toxuculuq və şüşə sənayesi üçün qiymətli xammal hesab edilir. Müasir kosmetologiya və farmakologiyada isə krem, dodaq boyaları, göz qələmləri və dezodorantların istehsalında mumdan geniş istifadə olunur.

Məqalə AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin əməkdaşları Seyidxanım Seyidova və Rəna Kəngərli tərəfindən hazırlanıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır