AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
İstehlakçıların 51%-i qida məhsulları alarkən etiket məlumatlarını oxuduqlarını bildirib
05-06-2023 17:50

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu sosial şəbəkə vasitəsilə istifadəçilər arasında sorğu keçirib. İnstitutun rəsmi sosial şəbəkə hesablarında təşkil olunan sorğu istehlakçıların ticarət obyektlərindən qida məhsulları alarkən malların üzrərindəki etiket məlumatlarını oxuyub-oxumadıqlarını öyrənmək məqsədilə keçirilib.

Sorğuda, ümumilikdə, 423 istifadəçi iştirak edib. Sorğuya qatılanların 216-sı (51%) qida obyektlərindən qida məhsulları alarkən malların üzrərindəki etiket məlumatlarını tam, 168-i (40%) qismən oxuduğunu, 39-u (9%) isə oxumadığını bildirib.

Qeyd edək ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qida məhsullarının etiketlənməsi müvafiq tələblərə uyğun həyata keçirilməlidir. Belə ki, istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməlidir. Məhsulların etiketlənməsi dəqiq, aydın, istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməli və həmin qida məhsullarına xas olmayan təsir və ya xassələri göstərilməməlidir. Eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələri xüsusi xassələr kimi təqdim edilməməlidir. Hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməməlidir. Kimyəvi və bioloji preparatlarla işlənilmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazılarının və nişanlarının olması təmin edilməlidir. Azərbaycana idxal olunan və ölkəmizdə istehsal və emal edilən yem məhsullarının tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin mövcud olduğu hallarda, həmin malların etiketlərində genetik modifikasiya edilmiş orqanizmlər haqqında məlumat əks olunmalıdır. Respublikamıza idxal edilən qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olarsa, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir.

Hər bir istehlakçıdan diqqətli olmaq, ticarət obyektlərindən qida məhsulları alarkən malların üzərindəki etiket məlumatlarını oxumaq, “Qida təhlükəsizliyi haqqında” Qanundan irəli gələn tələbləri nəzərə almaq, eləcə də etiket məlumatları ilə bağlı uyğunsuzluqla rastlaşdıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət etmək xahiş olunur.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır