AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Mövsümü meyvələrin istehlakı zamanı nələrə diqqət etməliyik?
23-05-2023 11:51

Respublikamızda bağçılıq, o cümlədən də meyvəçilik geniş yayılmaqla yanaşı, bu sahələrdə daha yüksək və keyfiyyətli məhsul əldə etmək istiqamətində tədbirlər də həyata keçirilir. Çünki meyvə və giləmeyvələrə bazarlarda tələbat çoxdur. Bu isə gündəlik qida rasionunda meyvə və giləmeyvələrdən istifadənin insanın sağlamlığına və əhval-ruhiyyəsinin yüksək olmasına bilavasitə təsir etməsi ilə bağlıdır.

İnsanın qida rasionuna daxil olan meyvə və giləmeyvələr həm orqanizmin mineral və vitaminlərlə zənginləşməsində, həm də bir çox xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri isə meyvə və giləmeyvələri mövsümündə istehlak etməkdir. Hazırda da mövsümlə əlaqədar çiyələk, alça, ərik və gilasa tələbat artıb.

Respublikamızda tələbat çox olan giləmeyvələrdən sayılan çiyələk əksər bölgələrdə əkilib becərilir və yüksək məhsul əldə edilir. Meyvə mövsümü başlayanda ilk olaraq bu bitkinin meyvəsi yetişir. Çiyələyin tez yetişməsi, bol məhsul verməsi və bu sahənin çox gəlirli olması kənd təsərrüfatında böyük əhəmiyyət kəsb edir. Çiyələyin yetişmiş meyvələri parlaq-qırmızı rəngdə olub, forması yumurtaşəkilli-konusvaridir. Yetişmə müddətinə görə çiyələk sortları tez, orta və gecyetişən olur. Gecyetişən sortlar digər sortlara nisbətən təxminən 2 həftə sonra istehlak üçün yararlı hesab edilir. İri meyvəli bağ çiyələyinin tez yetişən sortlarına Poşinskaya, Obilnaya, orta yetişənlərə Festifalnaya, Zenqana, gecyetişənlərə Poznaya Zaqorya, Traktorist və başqaları aiddir. İstifadəsinə görə sortlar çərəz (giləsi zərif, ətirli, şirin dadlı), süfrə (daha sıx konsistensiyalı dadlı gilələr-yemək və şirniyyat şirələri hazırlamaq, eləcə də süfrəyə təzə halda verilmək üçün) və texniki (giləsi sıx, lətli, turşaşirin dadlı, termiki işləməyə-sterilizə etməyə, yaxud dondurulmağa davamlı) kimi fərqləndirilir. Çiyələk ətri, dadı və görünüşü ilə cəlbedici olmaqla yanaşı, həm də çox faydalıdır. Çiyələyin tərkibində şəkər, üzvi turşu, pektin maddələri və s. var. Bol miqdarda dəmir və fosfora malik olan çiyələyin tərkibi A, B və K vitaminləri ilə zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir. Gün ərzində 7-8 ədəd çiyələk istehlak etmək günlük C vitamini normasını ödəyir. Bu meyvə istehlak olunarkən bəzi xüsusiyyətlər nəzərə alınmalıdır. Belə ki,  çiyələk torpaqda yetişdiyi üçün istehlak edilməmişdən əvvəl mütləq şəkildə bol su ilə yuyulmalı və üzərindəki torpaq hissəcikləri təmizlənməlidir. Həmçinin saplağı giləmeyvədən ayrılmalıdır. Çiyələyin dadının acı olması və ağzı büzüşdürməsi məhsulun tam yetişməməsinin əlaməti sayıla bilər. Çiyələyin ölçüsünün iri olması çeşiddən asılıdır. İri çiyələklər ölkəmizə müxtəlif ölkələrdən idxal edilir. Qeyd edək ki, son dövrlərdə satışa çıxarılan iri, eyni zamanda fərqli forma və görünüşdə olan çiyələk çeşidlərinə iqlim şəraitinin təsiri də az deyil. Çiyələk alarkən qırmızı rəngli və ləkəsiz meyvələrə üstünlük verilməsi məsləhətdir. Asanlıqla xarab ola bilən yetişmiş çiyələklər bir neçə gün ərzində istehlak edilməlidir. Çiyələyi 1 həftə müddətində soyuducuda, 6 aya qədər isə dondurucuda saxlamaq mümkündür. Bu məhsulun həddindən artıq istehlakı insan orqanizmində allergik reaksiyalara səbəb ola bilər.

Ən çox sevilən meyvələrdən olan alçanın 30-dan çox sortu var. Yerli sortlardan yaz mələsi, göyçə, xanbəyi, şabranı və ağ alça geniş yayılıb. Meyvələri əsasən yumru formada olsa da, yastı-yumru və bir qədər oval şəklində olanları da var. Bir meyvənin çəkisi 2-6 qr təşkil edir, ləti çəyirdəyindən ayrılmır. Meyvələri sarı, qırmızı, çəhrayı, tünd bənövşəyi, yaşıl və ağ rəngdə olur. Həmçinin ölçüsünə, dadına, formasına və yetişmə müddətinə görə fərqlənir. Alçanın "göyçə sultan" adlanan sortu formasına və dadına görə digər sortlardan fərqlənir. Onun qabığı daha nazik, çəyirdəyi nisbətən balacadır və ağzı daha çox büzüşdürür. Alçanın tərkibində şəkər, limon turşusu və müxtəlif pektinlər var. Meyvənin tərkibindəki mikroelementlər arasında ən çox kalsiuma, kaliuma və fosfora rast gəlinir. Tərkibində A, K, C vitaminləri üstünlük təşkil edir. Alça xüsusilə uşaqlar, yaşlılar və hamilə qadınlar üçün faydalıdır. Alça astma, revmatizm, xərçəng riskini azaldan meyvələr qrupuna aiddir. Yetişmiş alçanın şirəsinin güclü öskürək və vərəm xəstəliyi zamanı qəbul olunması məsləhətdir. İstehlak üçün ləkəsiz, zədəsiz, bərk və büzüşməmüş alçaların alınması tövsiyə edilir.

Mövsümü meyvələrdən sayılan ərik yüksək qidalılığa malikdir. Meyvənin tərkibində şəkər, müxtəlif turşular, pektin maddələri və bəzi vitaminlər var. Dünyada 2000-dən artıq sortu olan əriyin meyvələri birçəyirdəklidir. Ərik meyvəsinin çəkisi 3-18 q, forması müxtəlif, diametri isə əsasən 30 mm-dən az olmur. Ləti şirəli və əsasən şirindir. Respublikamızda əriyin əsasən Badam, Qırmızı yanaq, Əbu Talibi, Ağ Təbərzə və Haqverdi sortları becərilir. Dünyada isə əriyin Avropa qrupu sortlarına aid olan Qiant, Daqen və Violetə, həmçinin yapon qrupu sortlarından Santa Roza, Laroda, Formoza, və Friyara daha çox rast gəlinir. Yetişmiş təzə ərik yumşaq, eyni zamanda qızılı və narıncı rəngdə olur. Əriyin çəhrayı rəngi isə meyvənin daha şirin olması ilə əlaqədardır. Ərik maddələr mübadiləsinə və ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Təzə ərik mineral maddələrdən potasium və betakarotin maddəsi ilə çox zəngindir. Əriyin tərkibindəki A vitamininin ön maddəsi olan beta-karotin vücudu və orqanları əhatə edən epitel toxuması, gözün sağlamlığı, eləcə də sümüyün və dişlərin inkişafı üçün lazımdır. Bu meyvə istehlak olunarkən bəzi xüsusiyyətlər nəzərə alınmalıdır. Belə ki, əriyin rənginin parlaqlığı tərkibindəki beta-karotinin yüksək olması ilə bağlıdır. Ümumiyyətlə əriyin rəngi sarı və ya narıncı sarı olmalı, üzərində göy yerlər və kəskin qırmızı ləkələr yer almamalıdır.

Mövsümü və faydalı meyvələrdən olan gilas gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Gilas orqanları hüceyrə zədələnməsindən qoruyan A, C, K vitaminləri, fosfor, dəmir və kalsium kimi minerallarla zəngindir. Meyvələri yumru, ürəkvari, yumurta formalı və orta irilikdə olur. Meyvənin diametri 1,5 sm-ə qədərdir. Rəngi sortlardan asılı olaraq ağ, sarı, qırmızı, çəhrayı və qaradır. Ləti zərif, şirəli və şirindir. Ən yaxşı sortlarından Sarı Droqana, Sarı Denissena, Qara napoleon, Qara olessa, Çeknıy oryol və Biqarro Qoşeni göstərmək olar. Gilasın dadı acıtəhər və bəzən şirin olur. Şirin dadı olan gilas təzə halda yeyilir, eləcə də ondan kompot, şirə, ekstrakt, mürəbbə və başqa məhsullar hazırlanır. Acı dadı olan gilas isə şərab istehsalı üçün yararlıdır. Qırmızı gilasa nisbətən ağ gilasda qlükoza daha çoxdur. Gilas tərkibinə görə orqanizmin immun sisteminin güclənməsinə, görmə qabiliyyətinin yaxşılaşdırılmasına və zehni fəaliyyətə müsbət təsir göstərir. Keyfiyyətli gilas istehlak etmək istəyən istehlakçılar bu məhsulun saxlanma şəraitinə xüsusi fikir verməlidirlər. Belə ki, saxlanma zamanı gilasda suyun buxarlanması, istiliyin ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər getdiyindən onların keyfiyyətində dəyişikliklər baş verir. Gilas alarkən zədəsiz və saplağının quru olmamasına, eləcə də ziyanvericilərin təsirinə məruz qalmadığına fikir vermək lazımdır. Köhnəlmiş və çürümüş gilas istehlak üçün tam yararsızdır.

Ümumiyyətlə təbii və keyfiyyətli məhsul, o cümlədən çiyələk, alça, ərik və gilas seçmək və ya almaq üçün onların orqanoleptik xüsusiyyətlərinə, keyfiyyətinə, həmçinin qablaşdırılmasına, saxlama şəraitinə və temperaturuna diqqət etmək lazımdır.

Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Bitki sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin əməkdaşları Tərlan Qorçiyeva, Nəzrin Sairbəyli və Səadət İsmayılova tərəfindən hazırlanıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır