AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
“Peşəkarlarla görüş” saatında logistik xidmətlərin səmərəli inkişafı müzakirə olunub
2020-11-12 17:10:00

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə SOVQAT layihəsi çərçivəsində “Qida istehsalı sahəsində beynəlxalq təcrübəyə əsaslanan daşıma xidmətləri və logistik təchizatın inkişafı” mövzusunda bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə növbəti “Peşəkarlarla görüş” saatı keçirilib.  

Videokonfrans formatında keçirilən görüşdə sahibkarlara logistikada informasiya axının inteqrasiyası, yeyinti məhsullarının saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları)  zamanı onun minimum keyfiyyətinin və təhlükəsizliyinin təşkili, o cümlədən Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilən "Tezkorlanan qida məhsullarının beynəlxalq daşınması və bu daşımalar üçün istifadə olunan xüsusi nəqliyyat vasitələri haqqında (TDS)" 1970-ci il 1 sentyabr tarixli Sazişi barədə ətraflı məlumat verilib. Sahibkarlarla logistikanın düzgün təşkil olunmasının əhəmiyyəti, daşıma xidmətlərinin beynəlxalq təcrübəyə uyğun tənzimlənməsinin ölkə iqtisadiyyatının inkişafındakı rolu barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, hər hansı qida məhsulunun tədarükçüdən müştəriyə etibarlı və təhlükəsiz çatdırılması üçün məhsulun keyfiyyətinin qorunması, maliyyə itkilərinin azaldılması, eləcə də daşınan məhsulların zədələnməməsinə xüsusi diqqət yetirilməsi vacibdir.

İdxal-ixrac prosesinin sadələşdirilməsi, logistik xidmətlərin düzgün tənzimlənməsinə dair tələblər və pandemiya dövründə ölkələr arasında daşımaların davamlılığının təmin edilməsi üçün zəruri addımların atılmasının məhsul mübadiləsinin fasiləsiz olaraq həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etməsi görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Görüşdə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə icrasına başlanılmış SOVQAT layihəsi barədə də ətraflı məlumat verilərək bildirilib ki, SOVQAT – Sahibkarlıq Obyektlərinə Vahid Qida təhlükəsizliyi Anlayışının Tətbiqi layihəsinin əsas məqsədi qida məhsullarının “tarladan süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır