AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTA-nın “Sağlam məktəbli” layihəsi uğurla yekunlaşıb
26-05-2023 15:32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirib. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində sonuncu görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 27 nömrəli tam orta məktəbdə təşkil olunub.

Tədbirdə məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Süd və süd məhsullarının orqanizmə təsiri” və “Açıq şəraitdə satılan qidalar sağlamlıq üçün təhlükəlidir!” mövzularında təqdimatlar edilib. Eləcə də, qida təhlükəsizliyi ilə bağlı çətinliklə qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar sualları yarandıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri məktəblilərin diqqətinə çatdırılıb. Həmçinin görüşdə mövzular ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Bununla da, cari tədris ili ərzində baş tutan layihə uğurla yekunlaşıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi çərçivəsində başa çatmaqda olan 2022-2023-cü tədris ili ərzində BŞTİ-nin tabeliyindəki müxtəlif məktəblərdə görüşlər keçirilib. Tədbirlərdə minlərlə şagird qida təhlükəsizliyinin təmin edilməsi, sağlam qidalanma və digər mövzularda məlumatlandırılıb. Məktəblilərə maarifləndirici bukletlər təqdim olunub. Agentlik tərəfindən 2018-ci ildə start verilən layihənin növbəti tədris ilində də davam etdirilməsi nəzərdə tutulur. 

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır