AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ mütəxəssisləri Rusiyadan ölkəmizə məhsulları idxal olunan müəssisədə qiymətləndirmə aparıb
17-03-2023 14:53

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bu il yanvarın 1-dən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçirilir.

Bu çərçivədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Danone” MMC-nin sifarişi əsasında Rusiya Federasiyasının Çexov şəhərində yerləşən АО “Данон Россия” adlı süd məhsulları istehsalı müəssisəsində qiymətləndirmə fəaliyyəti həyata keçirilib.

Qiymətləndirmə zamanı qeyd edilən təsərrüfatın fəaliyyətini tənzimləyən sənədlər, təsərrüfatın ümumi baytarlıq və sanitariya vəziyyəti, süd emalı, saxlanma sahələri və onların şəraiti, sanitar-epidemioloji normaların təsərrüfatda tətbiq vəziyyəti yoxlanılıb və təhlil olunub.

Qiymətləndirmə qrupuna təqdim edilən sənədlərə əsasən müəyyən olunub ki, təsərrüfatın baytarlıq və sanitariya vəziyyəti əlaqədar yerli dövlət qurumu tərəfindən il ərzində mütəmadi olaraq planlı şəkildə yoxlanılıb. Müəssisə tərəfindən istehsal edilən bütün hazır məhsulların il ərzində 1 dəfədən az olmayaraq beynəlxalq akkreditasiyalı laboratoriyalarda və “Federal baytarlıq və fitosanitar nəzarəti” qurumu tərəfindən müayinələri aparılıb. Müayinə nəticələri isə uyğun olub. Eyni zamanda müəssisənin qiymətləndirilməsi zamanı yüksək risk kəsb edən çatışmazlıqlar  müşahidə olunmayıb. Həmçinin müəyyən edilib ki, müəssisədə beynəlxalq ISO FSSC 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 standartları mövcuddur. Müəssisədə 5S standartının şərtləri də bütünlüklə tətbiq olunub. Bu idarəetmə sistemlərinin mövcudluğu və tətbiqi isə süd məhsullarının xammaldan istehlakçıya qədər tam izlənilməsini təmin edir. Eləcə də məlum olub ki, müəssisəyə xammal və  xidmət tədarük edən şirkətlərin təsdiqli “Tədarükçü Siyahısı” yaradılıb. Bu siyahı əsasında tədarükçülərin risk qiymətləndirilməsi və mütəmadi olaraq yoxlanılması həyata keçirilir.

Aparılmış qiymətləndirmənin nəticəsinə uyğun olaraq, АО “Данон Россия” təsdiq edilib və həmin müəssisədə istehsal olunan süd məhsullarının ölkəmizə idxalına icazə verilib.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanun bu il yanvarın 1-dən qüvvəyə minib. Qanun ölkədə insanların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasında, qida məhsullarının istehsal və emalı zamanı təhlükəsizlik və minimum keyfiyyət tələbləri ilə bağlı norma və qaydalara əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsində əhəmiyyətli rol oynayır.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır