AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-nin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
20-01-2025 14:57

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi ehtiramla yad edilib.

AQTİ-də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir də keçirilib. Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hadisələrin əks edildiyi videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələrinin Bakı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdiyini xatırladıb. 20 Yanvarın Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən faciəyə siyasi-hüquqi qiymət verildiyini önə çəkib.

Tədbirdə 20 Yanvar hadisələrinin şahidi də 35 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli faciədən danışıb. Bu hadisələrin günahsız qurbanlarının heç zaman unudulmayacağını qeyd edib.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır