AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-nin laboratoriyası pestisidlərin qalıq miqdarının təyini müayinəsi üzrə keçirilən beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
22-10-2024 12:04

Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin Milli Referens Laboratroiyası (MRL) İngiltərənin “FAPAS” şirkəti və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən pestisidlərin qalıq miqdarının təyini müayinəsi üzrə təşkil olunan beynəlxalq səriştəlilik sınaqlarında iştirak edib. MRL “FAPAS”-ın 1, Federal Xidmətin isə 6 fərqli nümunə üzrə apardığı müvafiq sınaqlarda uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, MRL bu vaxtadək Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa və Polşada 50-dən çox göstərici üzrə təşkil olunan beynəlxalq səriştəlilik sınaqlarında iştirak edərək böyük müvəffəqiyyət qazanıb. Laboratoriyada qida və kənd təsərrüfatı məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, kimyəvi-toksikoloji, radioloji, parazitoloji, fiziki-kimyəvi, GMO, mənşə və allergenlərin təyini üzrə müayinələr həyata keçirilir. MRL Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS İSO/İEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun milli akkreditasiyadan, Almaniya Federativ Respublikasının Milli Akkreditasiya Qurumu tərəfindən isə beynəlxalq akkreditasiyadan keçirilib.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır