AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası xırdabuynuzlu heyvanların taunu xəstəliyi üzrə simulyasiya təlimində xəstəliyin diaqnostikasını həyata keçirib

20-21 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublikanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən (XBT) azad status alması məqsədilə böhran vəziyyətinin idarə olunması üçün simulyasiya təlimi keçirib. Təlimdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Baytarlıq Laboratoriyası da iştirak edib.

Xırdabuynuzlu heyvanların taun xəstəliyinə qarşı simulyasiya təlimində AQTİ-nin biotəhlükəsizlik səviyyəsi 3 olan mobil səhra laboratoriyası ərazidə qurulub və toplanan nümunələrdə xəstəliyin diaqnostikası PZR və ELISA müayinə metodları ilə həyata keçirilib.

Simulyasiya təlimində Yerli Böhran Mərkəzinin nümayəndələri xəstəlik törədicisinin mümkün yoluxma yollarını müəyyənləşdirmək məqsədilə dəqiqliklə epizootoloji təhlil aparıb, ehtimal olunan ocağın sərhədlərini, qeyri-sağlam məntəqəni və təhlükəli zonanı müəyyən ediblər. Epidemioloji araşdırmanın nəticəsinə əsaslanaraq, potensial əlaqəli müəssisələrə rəsmi nəzarətin təşkil edilməsinə dair göstəriş verilib və təsərrüfatlarda xırdabuynuzlu heyvanların taun xəstəliyinin mövcudluğunu müəyyən etmək üçün lazımi araşdırmalar aparılıb. XBT-nin müəyyən edilməsi işlərindən dərhal sonra həmin müəssisənin ətrafında mühafizə və müşahidə ərazisi müəyyənləşdirilib, eyni zamanda yoluxma zonasında toplama, məhvetmə və dezinfeksiya işləri həyata keçirilib. Yoluxma zonasından patoloji materiallar götürülərək səhra laboratoriyasında PZR üsulu ilə xəstəliyin diaqnostikası həyata keçirilib. Analizlərin nəticələri ilə bağlı Yerli Böhran Mərkəzi və Respublika Böhran Mərkəzi məlumatlandırılıb.

Qeyd edək ki, simulyasiya təliminin keçirilməsində məqsəd xəstəliyin erkən aşkarlanması, vaxtında zəruri tədbirlərin həyata keçirilməsi, xırdabuynuzlu heyvanlarda taun xəstəliyi ilə bağlı şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılması və bu sahədə fəaliyyət göstərən kadrların peşəkarlığının artırılmasıdır.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır