AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
26-05-2023 10:43

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını təşkil edir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təşkil olunan sınaqların məqsədi özəl laboratoriyalar üçün səriştəliliklərini müstəqil şəkildə qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir.

Səriştəlilik sınaqlarında iştirakçıların fəaliyyəti laboratoriyalararası müqayisə yolu ilə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq qiymətləndirilir. Sınaqlar "ISO/IEC 17043 Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır.

May ayında keçirilməsi planlaşdırılan Ağır metal analizində (Arsen(As), Cadmium(Cd), Qurğuşun(Pb), Civə(Hg)) iştirak etmək üçün müraciət tarixi uzadılmışdır. Son müraciət tarixi 1 iyun 2023-cü il tarixinədək uzadılmışdır. Müraciətlər qəbul edildikdən sonra iştirakçılara elektron poçt vasitəsilə individual laboratoriya nömrəsi və digər məlumatlar göndəriləcək. Sınaqlar yekunlaşdıqdan sonra nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır

Laboratoriya sınaqlarda iştirak etmək istədikdə, saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçtuna göndərməlidir.

Səriştəlilik sınaqlarının nəticələri sınaqlar yekunlaşdıqdan sonra 1 ay müddətində İnstitutun rəsmi saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfedensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq. Laboratoriyalar səriştəlilik sınaqları haqqında daha ətraflı məlumatı İnstitutun rəsmi saytından əldə edə bilərlər.

“Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə bu Qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.

Qeyd edək ki, Səriştəlilik sınaqlarının planında müvafiq dəyişiklik olunub. Yenilənmiş plan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəsmi saytında (afsi.gov.az) yayımlanmışdır.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır