AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
FAO və ÜHST-ni təmsil edən ekspertlər AQTA və AQTİ-də olublar
14-03-2023 10:42

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatınının (FAO) Avropa və Mərkəzi Asiya ofisinin eksperti Eran Raizman ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) eksperti David Paton Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.

AQTA-da keçirilən görüşdə qonaqlara ölkəmizdə qida təhlükəsizliyinin, o cümlədən heyvan sağlamlığının təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Görüş zamanı bildirilib ki, son dövrlərdə respublikamızın baytarlıq sistemində köklü islahatlar aparılaraq heyvan xəstəliklərinin aşkarlanması və izlənməsi, habelə insan, heyvan və ətraf mühit üçün təhlükə törədən heyvan xəstəliklərinin minimuma endirilməsi istiqamətində mühüm tədbirlər görülür. Əsas hədəflərdən biri də dünya iqtisadi sisteminə inteqrasiya etməklə, ticarət üçün maneələr yaradan xəstəliklərə qarşı xüsusi mübarizə tədbirlərinin həyata keçirilməsidir. Bu çərçivədə ölkəmizlə FAO və ÜHST arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Respublikamızın xırdabuynuzlu heyvanların taun xəstəliyindən (PPR) azad ölkələrin siyahısına daxil edilməsi və ölkə ərazisində dabaq xəstəliyindən azad zonanın yaradılması istiqamətində tədbirlərin davam etdirildiyi qeyd olunub.

Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

AQTA-da keçirilən görüşdən sonra qonaqlar AQTİ-də olublar. Onlar iş prinsipini öyrənmək məqsədilə İnstitutun laboratoriyalarına baxış keçiriblər. Qonaqlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır