AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Məktəblilərə qida məhsulları ilə davranış qaydaları barədə məlumat verilib
19-05-2023 12:43

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 194 nömrəli tam orta məktəbdə təşkil olunub.

Tədbirdə məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Qida məhsulları ilə təhlükəsiz davranma qaydaları”, “Məktəblilərin yaşına və orqanizmin tələbatına uyğun qida seçimi” və “Qida məhsullarını seçərkən nəyə diqqət etməliyik?” mövzularında təqdimatlar edilib. Eləcə də qida təhlükəsizliyi ilə bağlı problemlə qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri məktəblilərin diqqətinə çatdırılıb. 

Həmçinin görüşdə mövzular ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır