AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
“Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
25-05-2023 15:30

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Açıq qapı” layihəsi davam edir. Layihə çərçivəsində Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) növbəti “Açıq qapı” günü təşkil olunub. Tədbir AQTA-nın fəaliyyətə başlamasının 5 illiyi ilə əlaqədar hazırlanan Tədbirlər Planına uyğun olaraq keçirilib. “Açıq qapı” gününün təşkil edilməsində əsas məqsəd isə qida məhsullarının AQTİ-nin laboratoriyalarına qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər olan mərhələləri əyani şəkildə iştirakçılara göstərməkdən, eyni zamanda laboratoriyaların imkanlarını, maddi-texniki bazasını və bu sahədə görülən işləri daha geniş auditoriyaya təqdim etməkdən ibarət olub.  

“Açıq qapı” günündə İnstitutun məsul şəxsləri və əməkdaşları, həmçinin bir müddət əvvəl AQTİ-nin təşkilatçılığı, UNICEF-in dəstəyi, Elm və Təhsil Nazirliyinin iştirakı ilə keçirilən pilot layihədə uğur əldə edərək “Məktəblilərin qida bələdçiləri” adını qazanan, eləcə də Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “Məktəblinin dostu” layihəsinin iştirakçısı olan şəxslər iştirak edib.

Tədbir zamanı iştirakçılara İnstitutun fəaliyyəti, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə qida təhlükəsizliyi göstəriciləri üzrə aparılan tədqiqatlar, qida təhlükəsizliyi sahəsində həyata keçirilən elmi-praktiki araşdırmalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hazırda AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Bu laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, modernləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, eyni zamanda kadrların səriştəliliyinin artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Belə ki, aparılan müayinələrin nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, laboratoriyaların akkreditasiyadan keçməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə laboratoriyaların beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı üzrə işlər davam etdirilir.

“Açıq qapı” zamanı iştirakçılar İnstitutun laboratoriyalarına da baxış keçirib, laboratoriyaların maddi-texniki bazası ilə yaxından tanış olublar. Həmçinin onlar qida məhsullarının yoxlanılması prosesində iştirak edərək bu məhsulların laboratoriyalara qəbulu anından son müayinə nəticələrinə qədər olan mərhələləri əyani şəkildə izləyiblər. “Açıq qapı” günü çərçivəsində iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır