AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
“Sağlam məktəbli” layihəsi çərçivəsində 2023-cü il üzrə sonuncu görüşlər keçirilib
28-12-2023 12:32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

Layihə çərçivəsində 2023-cü il üzrə sonuncu görüşlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 1 və 158 nömrəli tam orta məktəblərdə təşkil olunub.

Tədbirlərdə iştirak edən 350-yə yaxın şagirdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Uşaqların gündəlik qida rasionunda meyvə-tərəvəz olmalıdır”, “Qazlı-şəkərli və enerji içkilərinin uşaq orqanizminə təsiri” və “Məktəblilərin yaşına və orqanizminin tələbatına uyğun qida seçilməlidir” mövzularında təqdimatlar edilib. Eləcə də qida təhlükəsizliyi ilə bağlı problemlə qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri məktəblilərin diqqətinə çatdırılıb. 

Eyni zamanda görüşlərdə mövzular ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi məktəblilər arasında sağlam qidalanmanının təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.

Onu da bildirək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il məktəblərdə şagirdlərlə görüşlər keçirilir. Təkcə bu ilin ötən dövründə 15 ümumi təhsil müəssisəsində belə görüşlər təşkil edilib. 

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır