AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
25-05-2023 11:09

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi davam etdirilir. Layihə üzrə növbəti “Təcrübə mübadiləsi” “Konserv istehsalında müasir texnologiyanın və dünya standartlarının tətbiqi və nəticələri" mövzusunda reallaşdırılıb. Bu çərçivədə sahibkarlıq subyektləri üçün Xaçmaz rayonunda yerləşən Qafqaz Konserv Zavoduna infotur təşkil olunub.

İnfotur zamanı əvvəlcə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə konserv məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı ilə görüş keçirilib. Görüşdə konserv məhsullarının istehsalının və ixracının artırılması imkanları ilə bağlı müzakirələr aparılıb. Eyni zamanda bu sahədə müasir texnologiyanı və beynəlxalq standartları tətbiq edərək daha yüksək nailiyyətlər qazanmağın mümkün olduğu vurğulanıb. 

Görüşdə həmçinin SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd edilib. 

Görüşdən sonra iştirakçılara zavod haqqında ətraflı məlumat verilib. Eləcə də zavodda istehsal prosesi və laboratoriyalarla tanışlıq olub, konserv məhsulları dequstasiyadan keçirilib. İştirakçılara yeni istehsal metodları və qabaqcıl təcrübələr barədə məlumat verilib. Rəqabət qabiliyyətini qoruyub saxlamaq üçün modern texnologiyanın tətbiqinin əhəmiyyətli və zəruri olduğu bildirilib. Eyni zamanda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq Qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır