AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Türkiyəli mütəxəssislər AQTİ laboratoriyalarında olublar
25-09-2023 10:18

“Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi Layihəsi” çərçivəsində keçirilən regional seminar üçün Azərbaycanda səfərdə olan türkiyəli mütəxəssislər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.

AQTİ-də keçirilən görüşdə qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.

Görüşdə, həmçinin bitki sağlamlığına dair elmi-nəzəri yeniliklərin, bitki və bitki mənşəli məhsulların zərərverici orqanizmlərdən mühafizəsi, onların yayılmasının qarşısının alınması istiqamətində effektiv fitosanitar tədbirlərin tətbiqi üzrə təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Daha sonra bitki mühafizə vasitələrinin (pestisidlərin) qeydiyyatı və dövriyyəsinin izlənilməsi sahəsində Türkiyədə mövcud sistemin Azərbaycanda tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Türkiyəli mütəxəssislər sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyiblər. Onlar səfər çərçivəsində AQTİ-nin nəzdində fəliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasında bitki qulluq və mühafizə vasitələrinin (pestisidlər və gübrələr) tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır