AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
ÜST-nin Birgə Xarici Qiymətləndirmə üzrə ekspertləri AQTİ-nin fəaliyyəti ilə tanış olub
03-05-2023 12:23

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Birgə Xarici Qiymətləndirmə üzrə ekspertləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.

AQTİ-də təşkil edilən görüşdə qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.

Görüş zamanı qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər barədə də məlumatlandırılıb. İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.

Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ekspertlər İnstituta “Beynəlxalq səhiyyə qaydalarının əsas imkanlarının Birgə Xarici Qiymətləndirilməsi” mövzusunda Bakıda təşkil olunan tədbir çərçivəsində gəliblər. Onlar tərəfindən AQTİ ilə tanışlığın yekunlarına dair tövsiyələr hazırlanacaq və həmin tövsiyələr İnstituta təqdim olunacaq.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır