AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
1-ci Donor Əlaqələndirmə Görüşü keçirilib
05-03-2018 18:09

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi Four Seasons Otelində 1-ci Donor Əlaqələndirmə Görüşü keçirilib. Görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və Agentliyin vəzifəli şəxsləri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək və bu istiqamətdə Agentlik və təşkilatlar arasında fikir mübadiləsi aparmaqdır.

Görüşdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli tədbir iştirakçılarını salamlayaraq Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri haqqında geniş məlumat verib. Agentliyin sədri qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və mövcud standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. Xarici qurum və təşkilatlara aparılan danışıqlar haqqında da məlumat verən Qoşqar Təhməzli may ayında ölkəmizdə baş tutacaq Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan 2018”-in qida zənciri iştirakçıları arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm platforma rolunu oynayacağını bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas tədbir iştirakçılarını salamlayaraq, qida təhlükəsizliyi sahəsindəki mövcud durum, Aİ və Azərbaycan arasında qida təhlükəsizliyi sahəsində qurula biləcək əməkdaşlığın gələcək imkanları haqqında məlumat verib.

Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti haqqında video-çarx təqdim olunub.

Daha sonra Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə Agentliyin qısa və orta müddətli hədəfləri haqqında təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda sual-cavab sessiyası baş tutub, beynəlxalq donor təşkilatlar tərəfindən həyata keçiriləcək layihələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri kimi məsələlər müzakirə olunub.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır