AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Qida subyektlərinin əməkdaşları daşınma və çatdırılma xidmətləri barədə məlumatlandırılır
21-12-2023 15:40

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam etdirir.

Növbəti nəzəri-praktiki təlim qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün təşkil edilib. Ödənişsiz keçirilən təlimdə İnstitutun mütəxəssisləri tərəfindən iştirakçılara qida məhsullarının daşınması və çatdırılması qaydaları, eləcə də daşınma və çatdırılma zamanı istifadə olunan vasitələrə, onların materialına və ləvazimatlara dair tələblər barədə ətraflı məlumat verilib. Həmçinin təlimə qatılan şirkət əməkdaşları qida məhsullarının çirklənmə növləri və mənbələri, şəxsi sağlamlıq, gigiyena, temperaturun idarə edilməsi, təmiz, izolyasiyalı çatdırılma çantalarının düzgün seçilməsi və istifadəsi, daşınma və çatdırılma zamanı yol verilən nöqsanlar, bu nöqsanların aradan qaldırılması üsulları və onların üzərinə düşən vəzifələr barədə məlumatlandırılıb.

Qeyd edək ki, xarici ölkələrin təcrübəsinə əsasən, qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan şirkətlər əməkdaşlarına fəaliyyətləri ilə bağlı müvafiq təlimlər keçməli, onların müvafiq fəaliyyət sahəsi üzrə təhsil almalarını və zəruri məlumatlara yiyələnmələrini təmin etməlidir. Bu iş şirkət daxilində və ya digər yerlərdə təşkil oluna bilər. Qida mənşəli xəstəliklərin qarşısını almaq və qida təhlükəsizliyi risklərini minimuma endirmək üçün çirklənmənin qarşısının alınması, temperatur rejimlərinin tənzimlənməsi, şəxsi sağlamlıq, gigiyena və digər məsələlər müvafiq təhsil və təlim proqramlarında yer almalıdır.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır