AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ mütəxəssisləri Afrika yemiş milçəyinin ekspress risk təhlilini aparıb
11-05-2023 17:00

Afrika yemiş milçəyi (Bactrocera cucurbitae) Asiya mənşəli zərərvericidir və ilk dəfə 1890-cı ildə Havay adalarında aşkar edilib. Bu zərərverici Asiya qitəsi ölkələrindən Əfqanıstan, Çin, Hindistan, İndoneziya, İran, Malayziya, Nepal, Oman, Pakistan, Filippin, Səudiyyə Ərəbistanı, Tayvan, Tailand, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnamda geniş yayılıb. Həmçinin bu zərərvericiyə Afrikanın tropik və subtropik ərazilərində, Seyşel, eləcə də Sakit və Hind okeanı adalarında rast gəlinib. Afrika yemiş milçəyi Şimali Amerika bölgəsində Amerika Birləşmiş Ştatlarında, Afrika qitəsində Keniya və Tanzaniyada, o cümlədən EPPO regionuna daxil olan Misirdə aşkarlanıb. Yaponiyada steril həşərat texnikasından istifadə olunmaqla, zərərverici məhv edilib. Afrika yemiş milçəyinin Azərbaycanda aşkarlanmsı ilə bağlı rəsmi məlumat qeydə alınmayıb.

Afrika yemiş milçəyi polifaq zərərverici olub, 125 bitki növünə zərər vurur. Zərərvericinin əsas sahib bitkilərinə yemiş, qarpız, xiyar və balqabaq daxildir. Eyni zamanda avokado, badımcan, bamiyə, keşyu, karambola, bibər, qırmızı acı bibər, papaya, naringi, portağal, qabaqkimilər, şaftalı, ətirli balqabaq, paxlakimilər, adi su qabağı, manqo, momordik, pomidor, qara quşüzümü və digərləri bu zərərvericinin sahib bitkilərinə aid edilir.

Afrika yemiş milçəyinin yetkin fərdinin uzunluğu 8-10, qanadlarının uzunluğu isə 4-8 mm-dir. Bədəni sarı zolaqlı olub, qarıncıq buğumu narıncı-qəhvəyi, ayaqları isə qırmızı-qəhvəyi rənglidir. Dişi fərdlər bədən ölçüsünə görə erkəklərə nisbətən böyükdür. Döş buğumu əsasən tükcüksüz, bəzi hallarda isə xırda tükcüklərlə örtülü olur. Yetkin dişi fərd inkişaf tsikli ərzində sivri uclu yumurtaqoyanı vasitəsilə sahib bitki meyvələrinin qabığı altına 1000-dən çox yumurta qoyur. Zərərvericinin sürfələri 21°C temperaturda 1-3 gün ərzində yumurtadan çıxır və 4-7 gün müddətində qidalanmağa başlayır.  Pup mərhələsi sahib bitkinin altındakı torpaqda baş verir və bu proses 7-13 gün davam edir. Yetkin fərdlər iqlim şəraitindən asılı olaraq, 5-15 ay yaşaya bilir. Zərərvericinin uzun müddət yaşaması üçün soyuq iqlim şəraiti əlverişlidir.

Afrika yemiş milçəyi yumurta qoymaq üçün meyvədə dəliklər açır və  həmin yerin ətrafında nekrozlar əmələ gəlir. Nəticədə meyvənin tamlığı pozulur. Həmçinin sirayətlənmiş bitkilərdə məhsul itkisi 100%-ə qədər ola bilir. Uzunmüddətli sirayətlənmə və zərərvericinin populyasiya sıxlığı isə əksər vaxtlarda bitkilərin tamamilə məhvinə səbəb olur. Afrika yemiş milçəyi cənub-şərqi Asiyada kənd təsərrüfatı bitkilərinin əsas 5 zərərvericisindən biri kimi müəyyən olunub. Əsasən bostan bitkilərinə ziyan vuran zərərverici yüksək vəsaitli karantin və məhvetmə tədbirləri tələb edir. Yaponiyanın Ryukyu adalarında bu zərərvericinin məhv edilməsi üçün xərclənən vəsait 200 milyon avrodan çox olub.

Afrika yemiş milçəyinin ekspress risk təhlili Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi“ departamenti tərəfindən hazırlanıb və xidməti istifadə üçün AQTA-ya təqdim edilib.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır