- Botulizm nədir və botulizmə yoluxmamaq üçün nələrə diqqət etməliyik?
- Yeni il hədiyyə qutuları alarkən nələrə diqqət edilməlidir?
- Tərkibində allergenlər olan qidalar və onların orqanizmə təsiri
- Qoyun əti quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir
- Pomidor minalayıcı güvəsinə qarşı mübarizə tədbirləri necə aparılmalıdır?
- Körpələrin ana südü ilə qidalanmasının üstünlükləri
- Qarğıdalı bitkisinin əsas xəstəlikləri
- Məktəbəqədər yaşlı uşaqların qidalanması zamanı nələrə diqqət yetirilməlidir?
- Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət olunmalıdır?
- Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyinə qarşı mübarizə necə aparılmalıdır?
- Pomidor meyvələrinin qonur qırışıqlıq virusu və mübarizə yolları
- Qəhvəyi mərmər bağacığı ilə ev şəraitində necə mübarizə aparmaq olar?
Məktəbəqədər yaşlı uşaqların normal inkişafını təmin etmək üçün onlar yaşlarına uyğun düzgün qidalandırılmalıdır.
Uşaqların anadan olandan sonra ilk 2 il ərzində ana südü ilə qidalanması onları xəstəliklərdən qoruyur, beynin inkişafını sürətləndirir. Ana südü uşaqların təhlükəsiz və bəsləyici qida ilə təminatına zəmanət verir. BMT-nin Uşaq Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, körpələr doğulduqdan 1 saat sonra ana südü ilə qidalanmağa başlamalı və ilk 6 ayda yalnız ana südü ilə qidalanmalıdırlar. Bu proses minimum 2 yaş tamam olana qədər davam etdirilməlidir.
6 aydan sonra azyaşlıların qida rasionu əsasən taxıl məhsullarından, həmçinin az miqdarda meyvə, tərəvəz, yumurta, süd məhsulları, balıq və ya qırmızı ətdən ibarət olmalıdır. Bəzən uşaqlara daha çox duz, şəkər və yağ ehtiva edən qidalar verilir. Lakin zaman keçdikcə belə qidalanmanın mənfi təsirləri ortaya çıxır. Erkən uşaqlıq dövründə uşaqların qeyri-zəngin qidalarla qidalandırılması onların immunitetinin aşağı düşməsinə, gözlərinin zəifləməsinə, əsas vitamin və qida maddələrinin çatışmazlığına səbəb ola bilər.
Sağlam qida rasionunun təşkili ilə yanaşı, qidalanma vərdişləri də uşaqların sağlam böyüməsi üçün vacib məsələlərdən biridir. Belə ki, ev və bağça kimi uşaqların zamanının əsas hissəsinin keçdiyi mühitlər onların qidalanma vərdişlərinin formalaşmasına təsir göstərir. Məktəbəqədər yaşlı uşaqlar üçün qidalanma zamanı nəzərə alınması vacib olan faydalı məsləhətlər isə bunlardır:
- Uşaqların qidalanması üçün ev şəraitində yemək hazırlamaq, onlara müntəzəm olaraq planlaşdırılmış qəlyanaltılar vermək, planlaşdırılmamış qidalanmanı məhdudlaşdırmaq;
- Qidalanma zamanı uşaqların diqqətini qidaya yönləndirərək onları düzgün olmayan davranışlardan (qida, əşya və oyuncaqlarla oynamaq və s.) çəkindirmək;
- Qidalanma zamanı qaçmaq və ya oynamaq qidanın nəfəs borusuna gedərək boğulma ehtimalını yaratması səbəbindən uşağın oturmuş halda olmasına əmin olmaq;
- Uşaqlara zamanla müxtəlif çeşid qidaları təklif etmək. Çünki onlar getdikcə demək olar ki, bütün qidalardan istifadə etməyi öyrənəcəklər.
- Yemək vaxtını mümkün qədər xoş keçirmək və uşaqları qidalanmaya məcbur etməmək. Çünki məcburiyyət həddindən artıq qidalanmaya səbəb ola bilər ki, bu hal da uşaqların kökəlməsinə gətirib çıxarar.
- Sağlam qidalanma vərdişlərində nümunəvi davranmaq. Belə ki, uşağın bu vərdişlərə yiyələnməsi üçün valideyn sağlam qidalanmalı, övladı üçün nümunə olmalıdır.
Qeyd edək ki, sağlam qidalanma ilə yanaşı, məktəbəqədər yaşlı uşaqlar gündəlik fiziki fəaliyyətə də təşviq olunmalıdır.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin Qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi şöbəsinin böyük mütəxəssisi Cəmilə Hacızadə Atakişili tərəfindən hazırlanıb.