AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Azərbaycanda qoyunçuluğun inkişaf perspektivləri və qoyun ətinin quzu əti ilə müqayisədə üstünlükləri
24-05-2023 14:04

Azərbaycanda qoyunçuluq qədim tarixə malikdir. Gəlirli və az zəhmət tələb edən sahə olduğuna, eləcə də əhali tərəfindən qoyun əti daha çox istifadə edildiyinə görə respublikamızın bütün bölgələrində qoyunçuluğa xüsusi diqqət yetirilir.

Təsadüfi deyil ki, ölkəmizdə uzun illərdir seleksiya yolu ilə qiymətli qoyun cinslərinin genefondu yaradılıb. Mil-Qarabağ, Abşeron, Qaradolaq, Balbas, Azərbaycan dağ merinosu, Qala, Bozax, Ləzgi, Herik, Gödək, Mazex, Şirvan və digər qoyun cinsləri ətlik-südlük-yunluq istiqamətli olmaqla, əhalinin ərzaq təminatında böyük rol oynayır. İstehsal olunan məhsulun növ müxtəlifliyinə görə, heyvandarlıq sektorunda qoyunçuluq birinci yeri tutur. Qoyunun ət, süd, pendir, dəri, piy və yunundan istifadə edilir. Məlumatlara görə, Azərbaycanda mövcud olan qoyun cinslərinin məhsuldarlıq göstəriciləri yüksək genetik potensiala malikdir. Bu barədə məlumatlar aşağıdakı cədvəldə öz əksini tapıb.

 

Qoyun cinsinin adı

Diri çəki (kq)

Ət çıxarı (kq)

Süd

Yun (kq)

Dişi

Erkək

Çəki (kq)

Yağlılıq (%)

Mil-Qarabağ

75-80

90-100

42-52

35-40

6,0-7,5

2,4-3,7

Abşeron

45-50

60-70

40-50

43-50

6,0

2,4-4,0

Qaradolaq

70-80

90-100

40-45

80-100

6,5

2,0-3,8

Balbas

47-50

55-65

42-46

125-135

5,4-7,0

2,0-3,2

Azərbaycan dağ merinosu

45-50

67-75

42-46

35-40

6,7-7,0

4,0-6,0

Qala

50-75

60-100

42-52

70-100

6.4

3,0-3,5

Bozax

40-48

54-65

50-55

45-50

5,0

1,8-2,2

Ləzgi

37-40

40-60

40-45

30-40

5,5

2,0-3,0

Herik

47-50

55-65

42-48

80-85

6,2-6,8

2,0-2,5

Gödək

30-40

45-50

45-48

45,0

6,4-7,2

1,5-2,0

Mazex

45-57

55-75

42-48

135,0

5,1

1,6-2,8

Şirvan

35-40

48-50

42-48

25-30

6,3-6,5

1,7-2,4

Cədvəldən göründüyü kimi, dişi qoyunların diri çəkisi 30-80 kq arasında dəyişir. Erkək heyvanlarda isə bu göstərici 40-100 kq arasında olur. Qoyunların ət çıxarı 40-55%-dir. Dişi qoyunların laktasiya dövründə süd məhsuldarlığı 30-135 l, südün yağlılığı isə 5-7,5% arasında dəyişir. Azərbaycandakı qoyun cinsləri əsasən ildə 1 dəfə bala verir. Balavermə məhsuldarlığı 100-130% təşkil edir ki, bu da əkiz balavermənin hesabına hər 100 baş qoyundan 130 başa qədər quzu əldə etməyə imkan verir. Qoyunların fərqli bioloji xüsusiyyətlərindən biri də onların tez yetişməsidir. Qeyd edək ki, qoyunların ilk cinsi həvəsəgəlmə dövrü 5-6 aylığına təsadüf etsə də, bu heyvanlar 12-15 aylığında cütləşməyə yararlı hesab olunur.

Təəssüflə qeyd etmək lazımdır ki, yüksək məhsuldarlığına və digər müsbət keyfiyyətlərinə baxmayaraq, son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında 10%-ə qədər azalma müşahidə edilib. Statistik məlumatlara görə, 2016-cı ildə ölkəmizdə qoyunların sayı 8 milyondan çox olduğu halda, 2022-ci ildə bu göstərici 7.314200 təşkil edib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı  ilə Azərbaycan arasındakı Tərəfdaşlıq Proqramı çərçivəsində reallaşdırılan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi üzrə hazırlanan hesabatda isə Azərbaycanda qoyunların sayının son illərdə azalması ilə yanaşı, heyvanların diri çəki artımı və cəmdək çəkisindəki mənfi tendensiyalar barədə məlumatlar da öz əksini tapıb. Həmçinin hesabatda qoyun populyasiyasının inkişaf dinamikasındakı azalmanın bir sıra səbəblərlə bağlı olduğu göstərilib. Bunlar yem bitkilərinin əkilməsi üçün istifadə edilən sahələrin azalması, iqlim dəyişiklikləri və torpaqların deqradasiyası, işğaldan azad edilmiş otlaqlara kifayət qədər çıxışın olmaması və tələblə təklifin dəyişməsi fonunda tələbin artmasıdır. Odur ki, qoyunların sayının azalmasının qarşısını almaq, həmçinin qoyun yetişdirilməsində effektiv və dayanıqlı inkişafa nail olmaq məqsədilə bu sahənin yarım intensiv və intensiv metodlarla inkişaf etdirilməsi strategiyası əsasında müasir qoyunçuluq sektorunun yaradılması təşəbbüsü müsbət qiymətləndirilir. Strategiyada damazlıq işlərinin aparılması ilə yanaşı, yerli genefondların qorunması da əsas prioritetlərdən hesab olunur.

Qeyd edilənlərlə yanaşı, nəzərə almaq lazımdır ki, əhalinin tələbatı əsasən cavan qoyunların ətinə olduğu üçün ölkəmizdə daha çox 6-15 aylıq heyvanlar kəsilir. Bu da nəticə etibarilə qoyunçuluğun inkişaf perspektivlərinə mənfi təsir göstərir. Digər tərəfdən cinsi yetişkənlik dövründə olan cavan heyvanların kəsimi yerli qoyunçuluqda mövcud genefondun deqradasiyaya məruzqalma təhlükəsi yaradır. Odur ki, problemin aktuallığı nəzərə alınaraq, cinsi yetişkənlik dövründə olan 6-15 aylıq heyvanların, xüsusilə dişi qoyunların kəsiminin qarşısının alınması istiqamətində tənzimlənmələrin, yəni heyvanların yaş həddi ilə bağlı kəsiminə dair məhdudiyyətlərin və qadağaların tətbiq olunmasının həyata keçirilməsi zəruri hesab edilir. Bununla ölkədə qoyunların baş sayının və onlardan əldə olunan ərzaq məhsullarının artımına, diri qoyun, eləcə də qoyun əti və piyinin idxalının azaldılmasına, diri qoyun və qoyunçuluq məhsulları üzrə ixrac potensialının artırılması hesabına isə ölkə iqtisadiyyatında müsbət tendensiyalara nail olmaq münkündür. Həmçinin əhalinin qoyun ətinin xüsusiyyətləri və istehlakına dair maarifləndirilməsi də cavan heyvanların erkən yaşda kəsiminin azaldılmasına müsbət təsir göstərə bilər.

Qeyd edək ki, kaloriliyi yüksək olan (190-300 kkal/100q) qoyun ətinin qida dəyərliliyi tərkibindəki əzələ və piy toxumasının nisbətindən asılı olaraq dəyişir. Qoyun ətinin tərkibindəki zülalların çox hissəsi mioqlobin, miogen, miozin, aktin, mioalbumin və digər sadə fraksiyalardan təşkil edildiyi üçün qoyun əti dadlı və şirəli olmaqla yanaşı, həm də tez həzm ediləndir. Mioqlobinin miqdarından asılı olaraq, qoyun ətinin rəngi solğun çəhrayıdan (quzu əti) tünd qırmızıya qədər (qoyun əti) dəyişir. Belə ki, quzularla müqayisədə yetkin və yaşlı qoyun ətinin tərkibində mioqlobin çox olur ki, bu da ətin rəngini tündləşdirir. Xoşagəlimli spesifik dad və qoxuya malik olmaq qoyun ətinin tərkibindəki kreatinin metabolizmi ilə bağlıdır ki, bu prosesin gedişatı qoyunların əzələ toxumasında daha intensiv xarakter daşıyır.

Araşdırmalar göstərir ki, qoyun ətinin tərkibi quzu əti ilə müqayisədə  Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və digər makro və mikroelementlər, B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və başqa vitaminlər, həmçinin digər bioloji aktiv maddələrlə zəngindir. Quzu əti ilə qoyun ətinin müqayisəli biokimyəvi tərkibi  aşağıdakı cədvəldə öz əksini tapıb.

Biokimyəvi göstəricilər

Quzu əti

Qoyun əti

Enerji dəyəri (kC)

745

978

Yağlar (q)

8.44

11.1

Ümumi mineral maddələr (q)

1.07

1.41

Mg (mq)

21.7

31

K (mq)

298

409

Na (mq)

71.3

135

Zn (mq)

1.72

5.93

Fe (mq)

3.32

4.76

B1 vitamini (mq)

0.04

0.06

B2 vitamini (mq)

0.05

0.30

B3 vitamini (mq)

1.42

6.52

B6 vitamini (mq)

0.12

0.38

B12 vitamini (mq)

0.93

4.44

Cədvəldən göründüyü kimi, qoyun əti quzu əti ilə müqayisədə daha zəngin qidalılıq tərkibinə malikdir.

Ümumiyyətlə nəzərə almaq lazımdır ki, yetkinlik dövründə və sonrakı yaş mərhələlərində gövşəyən heyvan növünə aid olan qoyunların orqanizmində maddələr mübadiləsinin spesifik xüsusiyyətləri mədə önlüklərində metabolizm hesabına rasionla qəbul edilən qida madddərinin səmərəli mənimsənilməsini təmin edir. Eyni zamanda əzələ toxumasında kompleks şəkildə azot birləşmələrinin, o cümlədən əvəzolunmaz amin turşularının və mürəkkəb zülalların, lesitinin, ekstraktiv maddələrin və digər faydalı komponentlərin toplanmasını şərtləndirir. Nəticə etibarilə qoyun əti zəngin biokimyəvi tərkibə, dietik xüsusiyyətlərə malik olur və insan orqanizmi tərəfindən asan mənimsənilir.   Beləliklə, insan orqanizmi üçün zəruri sayılan qida maddələri və digər komponentlərlə zəngin olan yetkinlik və sonrakı yaş mərhələlərindəki qoyunun əti cinsi yetişkənlik dövründə, yəni 6-15 aylıqda olan quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir.

Qeyd edək ki, cəmdəyə baxış əsasında qoyunun yaşını vizual olaraq təyin etmək mümkündür. Belə ki, cinsi yetişkənlik dövründə olan heyvanların cəmdəyi kiçik ölçülü (10-15 kq), əti solğun çəhrayı rəngdə, qabırğaları nazik və xırda ölçulü olur. Həmçinin quzuların üst çənəsində 4-6 xırda və eyni ölçülü süd dişi olur ki, bu say il ərzində 8-ə qədər artır. 1 il 5 aydan sonra isə orta iki xırda diş bir cüt iri ölçülü daimi dişlə əvəzlənir.

Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Heyvan sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Qiyasəddin Cəlladov tərəfindən hazırlanıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır