AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Qənnadı məmulatlarından istifadə zamanı nələrə diqqət olunmalıdır?
25-03-2024 10:06

Unlu və şəkərli olmaqla iki qrupa bölünən qənnadı məmulatları tərkibi, qidalılıq dəyəri və hazırlanma texnologiyasına görə fərqlənir. Unlu qənnadı məmulatlara peçenye, pryanik, vafli, tort, piroq, keks və s., şəkərli qənnadı məmulatlara isə marmelad, karamel, şokolad, mürəbbə, cem və s. kimi məhsullar aiddir.

İlk növbədə qeyd edək ki, qənnadı məmulatlarının daşınma və saxlanma rejiminə düzgün riayət edilməlidir. Bu rejimə əməl olunmadıqda, məhsul insan sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Tərkibinə xaricdən bir çox zərərli kimyəvi maddələrin, o cümlədən ağır metal duzların, toksiki elementlərin, həmçinin mezofil və anaerob mikroorqanizmlər, kif və maya göbələklərinin düşməsi nəticəsində məhsulların keyfiyyəti itə bilər. Sadalanan maddələrin miqdarı çirkləndirici maddələrin yolverilən maksimum miqdarını keçdikdə isə insan orqanizmində ciddi xəstəliklər yarana bilir.

Məhsulun düzgün qablaşdırılması onun xarici təsirlərdən etibarlı şəkildə qorunması üçün vacib şərtdir. Qablaşdırma prosesi məhsulun konkret çeşidi, eləcə də normativ texniki sənədlərin tələbinə uyğun olmalıdır. Məmulatlar əsasən içərisinə perqament kağızı sərilmiş taxta, yaxud karton yeşiklərə, çəki ilə satılanları isə karton qutu və sellofan paketlərə qablaşdırılır. Mürəbbə, cem kimi şəkərli qənnadı məmulatlar isə şüşə və ya tənəkə bankalara qablaşdırılaraq satışa çıxarılır. Qablaşdırılmayan məhsullar haqqında informasiya ticarət obyektində məlumat vərəqində aydın şəkildə göstərilməlidir. Hər bir istehlakçı bu tip məhsulları alarkən onun saxlanma şəraitinə, qablaşdırmanın üzərindəki etiket məlumatlarına diqqət yetirməlidir.

Draje birbaşa günəş şüasının təsirinə məruz qalmadan saxlanılmalıdır. Karamel, halva 18 °C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 %-dən çox olmayan şəraitdə saxlanmalıdır. Düzgün saxlanma rejiminə riayət edilmədikdə halvadan yağ axır, acılaşır, xoşagəlməz dad və qoxuya malik olur. Havanın nisbi rütubətinin artması da yağın axmasına səbəb olur. Şokoladı isə 18° C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 %-dən çox olmamaqla quru, təmiz, yaxşı havalandırılan, birbaşa günəş işığı düşməyən yerdə saxlamaq lazımdır.

Tez xarab olan qənnadı məhsullarının daşınması xüsusi nəqliyyat vasitələrində 6° C-dən aşağı temperaturda həyata keçirilməlidir. Məhsulların saxlanma rejimini xarakterizə edən əsas göstəricilər havanın temperaturu və nisbi rütubəti, sanitar-gigiyenik şərtlər, işıqlandırma, havalandırılmadır. Məhsulların düzgün yerləşdirilməsi, eləcə də mal qonşuluğu prinsipinə riayət edilməsi zəruridir.

Unlu qənnadı məmulatlarının dadı və iyi isə çeşidinə müvafiq olmaqla,  kənar iy və dad verməməlidir. Unlu qənnadı məmulatlar soyuducuda əsasən 18° C-dən aşağı temperaturda və 65-75 %-dən yuxarı olmayan nisbi rütubətdə saxlanmalıdır. Açıq şəkildə satılan qənnadı məmulatları, xüsusilə də unlu qənnadı məhsulları xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməlidir. Bu tip məhsullar yalnız əlcək, maska, bone və digər xüsusi gigiyenik vasitələrlə təmin olunmuş işçi heyət tərəfindən istehlakçılara təqdim edilməlidir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır