AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTA-nın 5 illik yubileyi qeyd olunub
07-06-2023 16:30

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyətə başlamasının 5 illik yubileyi və 7 İyun–Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə tədbir təşkil edilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, ruhuna dərin hörmət və ehtiramlarını bildirib, abidəsi önünə gül dəstələri düzüblər.

Ziyarətdən sonra AQTA-nın inzibati binasında tədbir təşkil olunub. Əvvəlcə Agentliyin 5 illik fəaliyyətinə həsr edilən «5 dəqiqədə 5 il» adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli Agentliyin fəaliyyətə başlamasının 5 ilinin tamam olması və 7 İyun-Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə iştirakçıları təbrik edib. Q.Təhməzli daha sonra AQTA-nın ötən dövrdəki fəaliyyətinə nəzər salıb, qarşıda duran vəzifələrdən danışıb. Agentliyin sədri vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırış və tələblərinə uyğun olaraq, son illər respublikamızda qida təhlükəsizliyi sahəsində aparılan islahatlar əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə, ixrac potensialının artırılmasına mühüm töhfələr verib. Ölkə prezidenti tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda 7 il ərzində qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində sistemin qurulması ilə bağlı 12 prioritet istiqamət üzrə 71 tədbir müəyyənləşdirilib. Həmin tədbirlərdən 42-si artıq icra olunub, 29 tədbirin icrası davam etdirilir. 2022-ci il 24 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan “Qida təhlükəsizliyi haqqında” Qanun bu il yanvarın 1-dən qüvvəyə minib. Bu qanun qida təhlükəsizliyi sistemi üzrə hüquqi bazanı gücləndirib, vətəndaşlarımızın həyat və sağlamlığına təhlükə yarada biləcək halların qarşısının alınmasında mühüm rol oynayır. Eyni zamanda, bu qanun dövlətin siyasi xəttinə uyğun olaraq, sahibkarlara göstərilən dəstəyin davamı kimi öz töhfəsini verir.  Q.Təhməzli çıxışı zamanı AQTA-nın beynəlxalq əməkdaşlıq sahəsində bir sıra uğurlar əldə etdiyini və sahibkarlara göstərilən xidmətlərin təkmilləşdirildiyini də vurğulayıb. Eyni zamanda Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyətinə toxunub. İnstitutda yüksək nəticələrin əldə olunduğunu vurğulayan AQTA sədri laborator müayinələrin dəqiqlik əmsalının 95 faizə yüksəldiyini, nəticəsi uyğunsuz çıxan müayinələrin ümumi müayinələrdə payının isə 2.6 faizdən 0.31 faizə endiyini qeyd edib.

Tədbirdə daha sonra 5 il ərzində qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində görülən işlərlə bağlı məlumat verilib, nailiyyətlər nəzərə çatdırılıb. Bildirilib ki, AQTA fəaliyyətə başladığı dövrdən indiyədək 9027 yoxlama həyata keçirilib. Nəzarət tədbirləri nəticəsində təkrar yoxlama aparılan 600-dən çox müəssisə sağlamlaşdırılıb. Uyğunsuz nəticələr aşkarlanan yoxlamaların payı 89 faizdən 69 faizə qədər azalıb. Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə ixrac edilən fındıq məhsullarında aflatoksin aşkarlanması ilə bağlı daxil olan bildirişlərin illik sayı 2 dəfədən çox azalıb. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən Azərbaycandan pomidor və alma məhsulunun ixraci ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər tamamilə aradan qaldırılıb. Ölkəmizdən Türkiyə Respublikasına heyvan və heyvan mənşəli məhsulların ixracı zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət və atların manqo xəstəliyi ilə əlaqədar respublikamızdan Qazaxıstana at ixracı və tranzitinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Həmçinin heyvanların identifikasiyası və qeydiyyatı sistemi formalaşdırılıb və ölkə ərazisində mərhələli şəkildə həyata keçirililir. Respublikamızda minimum tələblərə cavab verən heyvan kəsimi müəssisələrinin sayı 16-dən 106-ya çatdırılıb. 2018-2023-ci illər ərzində 3 240 adda baytarlıq preparatı dövlət qeydiyyatına alınaraq baytarlıq preparatlarının Dövlət Reyestrinə daxil edilib. AQTA fəaliyyətə başladığı dövrdən idxal və ixrac sahəsində 33 ölkə ilə 88 baytarlıq sertifikatı forması qarşılıqlı razılaşdırılıb. İnsanlar arasında zoonoz xəstəliklərə yoluxan şəxslərin sayı 2.5 dəfə azalıb. Zoonoz xəstəliklərə yoluxan heyvanların ümumi heyvan sayında payı 5 faizdən 2.3 faizə qədər azalıb. Ölkəmizdə ilk dəfə olaraq cari il yanvarın 19-da helikopterlə aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə ətyeyən vəhşi heyvanların məskunlaşdığı Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ və Oğuz rayonlarının 48 kəndətrafı və meşəlik sahəsinə aldadıcı yem vasitəsini səpələməklə peyvəndləmə tədbirləri həyata keçirilib.

Eyni zamanda, respublikamıza virus və bakteriyaların daxil olmasının qarşısının alınması məqsədilə 23 ölkəyə əlavə idxal tələbləri müəyyənləşdirilib. Həmçinin bu məqsədlə təsərrüfatlarda mütəmadi olaraq monitorinqlər keçirilir, idxal və ixrac edilən məhsul partiyaları təyin olunmuş tezliklərlə virusoloji müayinələrə cəlb edilir. Karantin tətbiq olunan zərərli orqanizmlərin ölkə üzrə yayılma arealı müəyyənləşdirilərək xəritələşdirilməsi həyata keçirilir. Bitki sağlamlığının izlənməsi istiqamətində Milli Monitorinq Planı hazırlanıb və icrası təmin olunur. Təsərrüfatlarda aparılan monitorinqlərin elektron modulu hazırlanıb. Fitosanitar nəzarət çərçivəsində 180 pomidor istehsalı təsərrüfatında sağlamlaşdırma tədbirləri aparılıb. Ölkədə bitki sağlamlığının izlənilməsi məqsədilə 2 500 pomidor, 326 alma, 1 062 kartof, 68 soğan təsərrüfatında və 64 meyvə bağında monitorinqlər aparılaraq təsərrüfat subyektlərinin reyestri formalaşdırılır. Bitki mühafizəsi vasitələrinin qeydiyyatının və idxalı prosedurlarının sadələşdirilməsi ilə əlaqədar olaraq preparatın ilkin və təkrar dövlət qeydiyyatına alınması zamanı təqdim edilən sənədlərlə bağlı tələblər sadələşdirilir. Bundan əlavə, preparatın təkrar dövlət qeydiyyatına alınması üçün sahibkar tərəfindən bir ay öncədən ediləcək müraciətin vaxtı üç ay öncəyə qədər uzadılıb. Müxtəlif dövlətlərdən idxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar həmin ölkələrə 917 bildiriş göndərilib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Beynəlxalq Konvensiyaların,  Avropa Birliyinin və Tükiyənin təcrübələri nəzərə alınaraq, ilk dəfə Azərbaycanda 238 adda təsiredici maddənin qadağan olunması barədə siyahı hazırlanaraq təsdiq edilib.

Tədbirdə daha sonra AQTA-nın yeni veb-saytının və mobil tətbiqinin təqdimatı olub.

Tədbirin sonunda Agentliyin fəaliyyətində fərqlənən əməkdaşlar təltif edilib. 

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır