AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-də Qırğızıstanın Standartlaşdırma və Metrologiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib
24-05-2024 17:31

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Standartlaşdırma və Metrologiya Mərkəzinin nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev Azərbaycan Respublikasında mövcud qida təhlükəsizliyi sistemi, Analitik Ekspertiza Mərkəzinin laboratoriyalarının maddi-texniki bazası, Elmi Araşdırmalar Mərkəzi tərəfindən aparılan elmi-tədqiqat işləri, kadr potensialı, sahibkarlıq subyektlərinə təklif olunan xidmətlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. İnstitutun Analitik Ekspertiza Mərkəzinin tabeliyindəki bu laboratoriyalar müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında uğur və nailiyyətlər əldə edib. Qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək baxımından birgə əməkdaşlığın inkişaf etdirilməsi üzrə perspektivlər müzakirə olunub.

Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Standartlaşdırma və Metrologiya Mərkəzinin direktoru Bolotbek Nurmatov iki qurum arasında əməkdaşlığa maraqlarını ifadə edib, mövcud əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdən sonra qonaqlar tanışlıq və iş prinsipini öyrənmək məqsədilə İnstitutun Analitik Ekspertiza Mərkəzinin Kompleks Tədqiqatlar Laboratoriyası, Mərkəzi Fitosanitar Laboratoriyası və Milli Referens Laboratoriyasına baxış keçiriblər. Qonaqlara həyata keçirilən laborator müayinə üsulları barədə məlumat verilib, beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının qida təhlükəsizliyinin təmin edilməsindəki roluna diqqət çəkilib. Müayinələrin beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla həyata keçirildiyi vurğulanıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır