AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ laboratoriyası daha bir səriştəlilik sınağında yüksək nəticə göstərib
01-07-2022 18:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının modernləşdirilməsi, eləcə də kadr potensialının gücləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir, bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası növbəti dəfə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Beynəlxalq Atom Enerjisi Agentliyinin Heyvandarlıq Məhsullarının İstehsalı və Heyvan Sağlamlığı Laboratoriyası (The Animal Production and Health Laboratory of the Joint FAO/IAEA) tərəfindən təşkil edilən səriştəlilik test proqramında uğurla iştirak edib. Laboratoriya dünyanın əksər nüfuzlu ölkələrinin də təmsil olunduğu "Xırdabuynuzlu heyvanların taun xəstəliyinin seroloji üsullarla diaqnostikası" (Diagnosis of Peste des Petits Ruminants by serological methods) adlı laboratoriyalararası səriştəlilik sınağında “Xırdabuynuzlu heyvanların taun xəstəliyinin ELISA müayinə metodu ilə təyini”, həmçinin "Xırdabuynuzlu heyvanların taun xəstəliyinin molekulyar üsullarla diaqnostikası" (Diagnosis of Peste des Petits Ruminants by molecular methods) adlı laboratoriyalararası səriştəlilik sınağında “Xırdabuynuzlu heyvanların taun xəstəliyinin PZR müayinə metodu ilə təyini” üzrə 100 faizlik yüksək nəticə əldə edib.

Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası indiyədək müxtəlif beynəlxalq qurumlar və xarici ölkələr tərəfindən təşkil edilən səriştəlilik test proqramlarında uğurla iştirak edib. Hazırda laboratoriyada istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik və parazitoloji müayinələri həyata keçirməyə imkan verir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır