AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
21-11-2023 16:47

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Elm və Təhsil Nazirliyinin (ETN) birgə əməkdaşlığı çərçivəsində paytaxt Bakıda və regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə başlanıb. Ümumilikdə bu ilin sonunadək Bakıda və bölgələrdə fəaliyyət göstərən 450 məktəbəqədər təhsil müəssisəsində sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyinin təmin olunması ilə bağlı fəaliyyətlərin icrası nəzərdə tutulub.

AQTİ mütəxəssisləri tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda keçirilən təlimlər ETN yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nəzdindəki bağçaların müdirləri, aşpazları və aşpaz köməkçiləri üçün təşkil olunur. 

Təlimlərə artıq 600-ə yaxın bağça müdiri, aşpaz və aşpaz köməkçisi cəlb olunub. Bu göstəricinin 1600-ə çatdırılması planlaşdırılıb.

Təlimlərdə iştirakçılara “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilir. İştirakçılar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılır.

İnteraktiv formada təşkil edilən təlimlərin sonunda müzakirələr aparılır və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilir.

Qeyd edək ki, AQTİ və ETN arasındakı əməkdaşlıq çərçivəsində  məktəbəqədər təhsil müəssisələrində sanitariya-gigiyena və qida təhlükəsizliyi ilə bağlı tələblərə riayət olunub-olunmamasına dair monitorinq və qiymətləndirmənin aparılması, eləcə də müvafiq müəssisələrdən götürülmüş qida nümunələri əsasında laboratoriya xidmətlərinin təşkili nəzərdə tutulub.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır