AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-nin “Süfrə” jurnalı ADNSU-da təqdim edildi
26-01-2019 16:38

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mətbu orqanı olan “Süfrə” elmi-kütləvi jurnalının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən AQTİ-nin İdarə heyətinin sədr müavini Camal Quliyev əvvəlcə AQTA və AQTİ-nin fəaliyyət istiqamətləri, ölkədə yeni qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, İnstitutun bazasında Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyalar yaradılıb. Laboratoriyalarda müayinələr beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirilir. Laboratoriyalarda yaradılan imkanlar Azərbaycanda əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi ilə yanaşı, qida məhsullarının ixrac imkanlarının genişlənməsinə də şərait yaradır. “Süfrə” jurnalı ilə bağlı məlumat verən C. Quliyev bildirib ki, jurnalın təsis edilməsində məqsəd əhalinin sağlam qidalanma, qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, həmçinin Azərbaycan əhalisinin təhlükəsiz qida ilə təmin olunması, bu istiqamətdə dövlət miqyasında həyata keçirilən tədbirlər barədə məlumatların geniş ictimaiyyətə çatdırılmasıdır. Bildirilib ki, jurnalın hər sayında müxtəlif oxucu kateqoriyası üçün maraqlı olan məlumatlar, qida təhlükəsizliyi ilə bağlı ölkəmizdə aparılan elmi araşdırmalar, qida məhsulları alarkən diqqət etməli olduğumuz məqamlarla bağlı maarifləndirici yazılar yer alır.

Bundan başqa, jurnalın hər nömrəsində bir-birindən maraqlı müsahibələr dərc olunur. Jurnal “Bələdçi”, “Obyektivdə”, “Bizdə yoxdur”, “Fikir üçbucağı”, “Qida Akademiyası”, “Etiket”, “Sual var”, “Yoxlama”, “Sağlamlıq məktəbi” və digər maraqlı rubrikalarla qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin öz məsuliyyətini dərk etməsi və istehlakçıların hüquqlarının müdafiə olunması işinin təşkilində təbliğat və maarifləndirmə ilə bağlı əhəmiyyətli rol oynayır. İstehlakçıların və istehsalçıların maarifləndirilməsi işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədi ilə qida təhlükəsizliyi və qida sektoru ilə bağlı ən aktual məlumatları özündə əks etdirən “Süfrə” jurnalının artıq 2 nömrəsi çapdan çıxıb və hazırda jurnalın növbəti nömrəsi çapa hazırlanır.

Tədbirdə Universitetin aidiyyəti fakültələrində təhsil alan tələbələrin AQTİ-də təcrübə proqramlarına cəlb edilməsi, eləcə də ali təhsil ocağında Qida mühəndisliyi ixtisasının yaradılmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır