AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ və VGNKİ nümayəndə heyəti arasında görüş keçirilib
17-05-2024 18:24

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümumrusiya Dövlət Mərkəzinin (FGBU VGNKİ) nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə AQTİ-nin İdarə Heyətinin sədr müavini Elina Sulyayeva laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında geniş məlumat verib. Bildirilib ki, AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin tabeliyində fəaliyyət göstərən laboratoriyalar müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında ciddi uğur və nailiyyətlər əldə edib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir.

Görüş çərçivəsində zoonoz xəstəliklərin başvermə, yayılma səbəblərinin və şəraitinin aydınlaşdırılması, bu xəstəliklərin qarşısının alınması və ləğvi istiqamətində, baytarlıq təyinatlı preparatların düzgün tətbiqi, eləcə də əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələri üzrə mühüm əhəmiyyətə malik tədqiqatların aparılması və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.

Daha sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin Mərkəzləşmiş nümunə qəbulu məntəqəsinə, Kompleks Tədqiqatlar Laboratoriyası, Mərkəzi Baytarlıq Laboratoriyası və Milli Referens Laboratoriyasına baxış keçiriblər. AQTİ-nin İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva qonaqlara həyata keçirilən laborator müayinə üsulları barədə məlumat verib, beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının qida təhlükəsizliyinin təmin edilməsindəki roluna diqqət çəkib. Bildirilib ki, müayinələr beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla həyata keçirilir.

Səmimi görüşə görə təşəkkür edən Rusiya nümayəndə heyətinin üzvləri qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, AQTİ və VGNKİ arasında 2022-ci ildə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır