AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Cənub sovkasının ekspress risk təhlili aparılıb
08-12-2022 17:15

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən Cənub sovkasının (Spodoptera eridania) ekspress risk təhlili həyata keçirilib. Təhlilin nəticələrinə əsasən, dünyanın bir sıra ölkələrində yayılan bu zərərverici bitkilərə və məhsuldarlığa ciddi ziyan vurur.

Belə ki, Cənub sovkasının vətəni Amerika qitəsinin tropik regionlarıdır. Bu, Mərkəzi və Cənubi Amerikada, o cümlədən Karib dənizi ətrafından Argentinaya qədər olan ərazilərdə geniş yayılmış polifaq zərərverici növüdür. Afrika ölkələrində aparılmış ilkin müşahidələr zamanı Cənub sovkasına manyok, pomidor, qarğıdalı və amarant bitkilərində rast gəlinib. Asiya qitəsində bu zərərvericiyə ilk dəfə 2019-cu ildə Hindistanda təsadüf olunub. Cənub sovkası sürfələrinin ölkənin Maharaştra əyalətinin Tamqaon kəndində soya əkilən tarlalara zərər verdiyi müşahidə edilib. Zərərvericinin Azərbaycanda aşkar olunması ilə bağlı rəsmi məlumat qeydə alınmayıb.

Cənub sovkasına polifaq zərərverici kimi mürəkkəbçiçəklilər, badımcançiçəklilər, paxlalılar, qırtıckimilər, pəncərkimilər və əməköməcikimilər daxil olmaqla, 58 fəsiləyə daxil olan 200-dən çox bitki növündə rast gəlinib. Bundan başqa, şirin kartof, şirin bibər, pomidor, pambıq, kələm, lobya, badımcan, qarğıdalı, turp, manyok, tütün və bir çox dibçək bitkiləri də zərərvericinin ziyan vurduğu bitkilərdəndir.

Cənub sovkası əsasən bitkinin yarpaqları ilə qidalanır və həddindən artıq sirayətlənmə zamanı bitkini tamamilə yarpaqsız qoyur. Zərərverici  meyvə və çiçəklərə də ziyan vura bilir. Örtülü təsərrüfatlarda tırtıllar şitillərə ciddi zərər vurmaq potensialına malikdir. Cənub sovkasının cavan tırtılları yarpaqların yumşaq lətli hissəsi ilə qidalanaraq onların skeletləşməsini törədir. Yaşlı tırtıllar isə müxtəlif hissələr, hətta gövdə ilə qidalanmaqla, bitkinin sağlamlığına zərər vurur. Məsələn, zərərverici ilkin olaraq pomidor bitkisinin yarpaqları ilə qidalanır. Bu da yarpaqların skeletləşməsinə səbəb olur. Sonra isə pomidorun meyvəsində dəliklər əmələ gətirərək məhsulun keyfiyyətini və əmtəəlik dərəcəsini aşağı salır.

Bu zərərvericinin  inkişaf etməsi üçün optimal temperatur 20-25 dərəcədir. Əsasən subtropik iqlim şəraitinə uyğun zərərverici növü kimi tanınan Cənub sovkasının yetkin dişi fərdi həyat tsikli boyunca 1500-3000 aralığında yumurta qoya bilir. Yumurtalar bitkinin yarpaqlarına böyük həcmdə qoyulur və boz tükcük təbəqə ilə qorunur. Yumurtaların inkişafı adətən 4-8 gün çəkir. Digər sovka növləri kimi Cənub sovkası sürfələrinin inkişaf sürətinə qidalanma və temperatur amilləri təsir edir. Qida qıtlığı olduğu zaman sovkalar "sürü şəklində" bitişik tarlaları sirayətləndirə bilir. Sürfələrin inkişafı adətən 14-18 gün çəkir. Cənub sovkası puplarını torpağın üst qatına qoyur və bu mərhələ adətən 9-12 gün davam edir. Zərərvericinin normal həyat tsikli 40 günə qədərdir. Lakin ətraf mühit amillərindən asılı olaraq, bu müddət 28-30 gün çəkə bilər. Cənub sovkasının yetkin fərdləri əsasən gecələr aktiv fəaliyyətdə olur.

Qeyd edək ki, belə zərərvericilərin respublikamızın ərazisində yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq, fitosanitar monitorinqlər həyata keçirilir və müvafiq qabaqlayıcı tədbirlər görülür.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır