- AQTİ-də özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
- HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır
- AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib
- AQTİ-nin mütəxəssisləri Estoniya və Latviyada fəaliyyət göstərən qida müəssisələrində qiymətləndirmə aparıb
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- AQTİ əməkdaşları ADA Universitetinin magistratura proqramları ilə tanış olublar
- AQTİ-nin laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- COP29-un iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar
- AQTİ-nin laboratoriyası 7 beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
- ÜHST Azərbaycanın quş qripindən azad olma statusunu təsdiqlədi
- AQTİ-nin regional laboratoriyası iki beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən Fındıqda bakterioz xəstəliyinin ((Xanthomonas campestris pv. Corylina (Miller et al.) Dye) ekspress risk təhlili həyata keçirilib. Təhlil zamanı müəyyən olunub ki, yüksək iqtisadi zərər verə bilən bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər davam etdirilməlidir.
Belə ki, hazırda ölkəmizdən ixrac olunan bitkiçilik məhsulları arasında fındıq əhəmiyyətli yer tutur. Fındıq bitkisi isə inkişaf dövründə çoxsaylı bakterial, göbələk və virus xəstəliklərinin mənfi təsirinə məruz qalır. Bu xəstəliklər fındıq istehsalında ciddi itkilərin yaranmasına səbəb olur. Belə təhlükəli xəstəliklərdən biri də Fındıqda bakterioz xəstəliyidir.
Fındıqda bakterioz xəstəliyi dünyanın bir çox ölkəsində, əsasən də yüksək yağıntı və rütubət müşahidə olunan ərazilərdə cavan fındıq ağaclarının zərərli xəstəliyi kimi tanınır. Bakteriya ilk dəfə 1913-cü ildə Amerika Birləşmiş Ştatlarının Oreqon ştatında aşkarlanıb və patogenliyi sübut edilib. Sonra isə bakteriyanın sirayətlənmiş əkin materialları ilə dünyanın digər ölkələrinə yayıldığı müəyyən olunub. Belə ki, Fındıqda bakterioz xəstəliyi 1932-ci ildə İtaliyada, 1974-cü ildə Fransada, 1979-cu ildə Böyük Britaniyada, 2004-cü ildə İranda, 2007-ci ildə Polşada aşkar edilib. Dünyada fındıq istehsalında əsas yer tutan Türkiyənın Qara dəniz bölgəsində fındıq bağlarında aşkar olunan patogenin kulturaları 1971-ci ildə Qərbi Almaniyaya göndərilib. Nəticədə nümunələrdə bu xəstəliyin olduğu müəyyən edilib. Ölkəmizdə Fındıqda bakterioz xəstəliyi 2007-ci ildə karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısına salınıb. Lakin respublikamızda bu xəstəliyin aşkarlanması ilə bağlı rəsmi məlumat qeydə alınmayıb.
Fındıqda bakterioz xəstəliyinə əsasən adi fındıq bitkisində rast gəlinir. Lakin fındığın ağac və ya ayı fındığı, iri fındıq və C.pontica növləri də xəstəliyə həssaslıq göstərir.
Xəstəliyi törədən bakteriya 0,5-0,7 x 1,1-3,8 mkm ölçüsündə olub, çöpşəkilli, polyar qamçılı və qrammənfi çöplərdən ibarətdir. Həmçinin tək qamçısı sayəsində hərəkətlidir və onun endosporları yoxdur. Bu bakteriya qida mühitində Xanthomonas cinsinə daxil olan digər bakteriyalar kimi sarı karateneoid piqment ifraz edir. Bakteriya zədələnmiş yerlər və yarpaqların üzərindəki ağızcıqlar (stomalar) vasitəsilə bitkiyə daxil olur. Bitkinin zədələnmiş yerlərində və sirayətlənmiş tumurcuqlarda 1 ilə qədər canlı qala bilir. Vegetasiya ərzində bir yarpaq üzərində 103-106 sayda bakteriya hüceyrəsi əmələ gəlir. Bakteriya tökülmüş yarpaqlarda 4 aya qədər yaşaya bilir, lakin torpaqda qışlamır. Bu bakteriyanın inkişafı üçün optimal temperatur 28-32° C, maksimum 37° C, minimum 5-7° C-dir. Termal ölüm nöqtəsi isə 53-55° C-dir. 20° C-dən yüksək temperatur yarpaq infeksiyası üçün əlverişli sayılır və inkubasiya dövrü aşağı temperaturda daha qısa olur. Bakteriyanın pH inkişaf göstəricisi 5.2-10.5, optimal pH göstəricisi isə 6-8-dir.
Fındıqda bakterioz xəstəliyindən bitkinin tumurcuqları, yarpaqları, budaqları, gövdəsi, bəzən də meyvələri zərər görür. Xüsusilə yarpaq və çiçək tumurcuqları xəstəliyə çox həssasdır. Belə ki, əvvəlcə üst tumurcuq pulçuqları sirayətlənir, sonra bakteriya tumurcuğun içinə hərəkət edir. Sirayətlənmiş tumurcuqlar qismən zərər görə və ya tamamilə məhv ola bilər. Belə tumurcuqlardan çıxan zoğlar da sirayətlənmiş halda olur. Yarpaqların üzərində ləkələr (nekrozlar) dairəvi və ya nizamsız şəkildə olub, ölçüsü 1-2 mm-dir. Həmçinin yeni əmələ gəlmiş ləkələr əvvəl sarımtıl-yaşıl rəngdə olur, sonra isə qırmızımtıl-qəhvəyi rəngə çevrilir. Sirayətlənmiş zoğlar isə xaricdən qurumuş kimi görünür. Yarpaqlar belə budaqların üzərində qıvrılaraq quruyur və asılı halda qalır. Budaqlardakı yaraları təsbit etmək çətin olur, lakin diqqətlə baxıldıqda qabığın zəif çökdüyünü və qırmızımtıl-qəhvəyi rəngə çevrildiyini müşahidə etmək mümkündür. Meyvə qınlarının üzərindəki ləkələr dairəvi və ya müxtəlif formalı, ölçüsü 1-2 mm olub, tünd-qəhvəyi və yaxud qara rəngdədir.
Fındıqda bakterioz xəstəliyinin yayıldığı ölkələrdə yüksək iqtisadi zərər müşahidə olunur. Bu xəstəlik ciddi sirayətlənmə hallarında, xüsusilə yeni salınan bağlarda və tingliklərdə bitkilərin 10%-dən 100%-dək məhvinə səbəb ola bilir. Qeyd edilənləri nəzərə alaraq, yeni populyasiyanın ölkəmizə daxil olmasının qarşısının alınması məqsədilə qonşu dövlətlərlə sərhəd keçid məntəqələrində və həmsərhəd ərazilərdə fitosanitar nəzarətin ciddi şəkildə saxlanması mütləqdir. Eyni zamanda, əkin materialları zərərli orqanizmlərdən azad zonalardan gətirilməli, azad istehsal yeri və ya azad istehsal sahələrində istehsal olunmalıdır.
Fındıqda bakterioz xəstəliyinin ekspress risk təhlili Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi“ departamenti tərəfindən hazırlanıb və xidməti istifadə üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilib