AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
“Peşəkarlarla görüş” saatında heyvan xəstəlikləri ilə mübarizə tədbirləri müzakirə olunub
24-04-2021 12:35

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “SOVQAT” layihəsi çərçivəsində “Peşəkarlarla görüş” saatı davam edir. Budəfəki “Peşəkarlarla görüş” saatında “Quş qripi və nyukasl xəstəliyinə qarşı mübarizə tədbirləri” mövzusu müzakirə olunub.

Videobağlantı formatda keçirilən görüşdə quş qripi və nyukasl xəstəliyinin xüsusiyyətindən, təhlükəlilik dərəcəsindən və iqtisadi zərərindən bəhs olunub. Quş qripinin müxtəlif növ quşların və heyvanların kəskin gedişli kontagioz xəstəlik olduğu bir daha diqqətə çatdırılıb. Bildirilib ki, xəstəlik respirator orqanların, mədə-bağırsaq traktının zədələnməsi, eləcə də quşlar arasında yüksək tələfat və iqtisadi zərər ilə nəticələnir. Yüksək patogenli quş qripi dünyada bir çox ev və çöl quşları arasında (toyuq, ördək, hind quşu, sərçə, qarğa, göyərçin, çöl ördəyi, qırqovul, kəklik və s.) qeydə alındığı üçün xəstə quşların sənaye və ya ev şəraitində kəsimi, eləcə də çöl quşlarının ovlanması zamanı insanların virusa yoluxma təhlükəsi böyük olur. Ev quşlarının yoluxması da xəstə çöl quşları ilə yaranan birbaşa  təmas, həmçinin onların ifrazatları ilə çirklənmiş ətraf mühitdən qaynaqlanır. Sənaye tipli quşçuluq təsərrüfatlarında xəstəliyin baş verməsində yem, quşlara xidmət alətləri və avadanlıqlar, eləcə də nəqliyyat vasitələrinin törədici ilə çirklənməsinin rolu böyükdür.

Görüş iştirakçıları quşların digər yüksək kontagioz virus xəstəliyi olan nyukasl xəstəliyi barədə də məlumatlandırılıb. Bildirilib ki, xəstəlik respirator və visseral orqanların, mərkəzi sinir sisteminin zədələnməsi və yüksək tələfat verməsi ilə səciyyələnir. Xəstəliyə toyuq, firəng quşu, hind quşu, qırqovul, kəklik və tovuz quşu həssasdır. Nyukasl xəstəliyinə qarşı quşları qorumaq üçün əsas tədbir olaraq peyvəndləmənin zəruriliyi qeyd edilib.

Görüşdə əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlıq subyektlərinə dəstək olaraq icrasına başlanılmış SOVQAT layihəsinin üstünlüklərindən də danışıb. Qeyd edib ki, SOVQAT – Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi layihəsinin məqsədi qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir.

İnteraktiv formada keçirilmiş görüşün sonunda quşçuluq təsərrüfatı sahiblərini, orada çalışanları maraqlandıran müxtəlif suallar AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasının mütəxəssisləri tərəfindən cavablandırılıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır