AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
“Peşəkarlarla görüş” saatında qida təhlükəsizliyinə dair yeni qəbul edilmiş qaydalar müzakirə olunub
13-03-2021 13:36

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “SOVQAT - Sahibkarlıq Obyektlərinə Vahid Qida təhlükəsizliyi Anlayışının Tətbiqi” layihəsi çərçivəsində növbəti “Peşəkarlarla görüş” saatında sahibkarlarla “Qida təhlükəsizliyinə dair yeni qəbul edilmiş texniki normativ hüquqi aktlar” mövzusunda müzakirə aparılıb.

AQTA-nın şöbə müdiri Ramazan Nəbiyev onlayn görüş iştirakçılarına 1 aprel 2021-ci il tarixindən qüvvəyə minəcək qida təhlükəsizliyinə dair texniki normativ hüquqi aktlar barədə ətraflı məlumat verib. Bildirib ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida zəncirinin bütün mərhələlərində - ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrə dair gigiyena tələblərini müəyyən edir. Qaydaların yenidən işlənib-hazırlanmasında əsas məqsəd qida zəncirinin bütün mərhələlərində insanlar tərəfindən qida məhsullarının təhlükəsizliyinə və yararlılığına nail olunması üçün qida gigiyenasının vacib prinsiplərinin müəyyənləşdirilməsidir.

R. Nəbiyev bildirib ki, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” da 1 aprel 2021-ci il tarixindən qüvvəyə minəcək. Sözügedən sənəd qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinin təmin olunması məqsədilə onların mikrobioloji göstəricilərinə dair sanitariya norma və qaydalarını müəyyənləşdirir.

“Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları”nda isə həm kəsim məntəqələrinin quruluşuna, təchizatına, yerləşməsinə, həm heyvan və quşların bu məntəqələrə nəqlinə, həm kəsimin mərhələləri və kəsim, eləcə də ilkin emal prosesinə, həm kəsimdən əvvəl və sonra dövlət baytarlıq nəzarəti tədbirləri və baytarlıq-sanitariya ekspertizasına, həm də heyvan mənşəli qida məhsullarının saxlanılması və daşınmasına dair tələblərin əksini tapdığı qeyd olunub.

Sadalanan qaydalarla yanaşı, 1 aprel 2021-ci il tarixindən qüvvəyə minəcək “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər”, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair təlimat”ın qüvvəyə minəcək.

Görüşdə AQTİ-nin Sahibkarlara xidmət departamentinin müdiri Mehran Məmmədov əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlıq subyektlərinə dəstək olaraq icrasına başlanılmış SOVQAT layihəsinin üstünlüklərindən danışıb və layihənin bundan sonra da mütəmadi qaydada həyata keçiriləcəyini diqqətə çatdırıb.

Videobağlantı formatında keçirilmiş görüşdə sahibkarların sualları cavablandırılıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır