AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair yeni norma və qaydalar hazırlanıb
09-02-2021 10:45

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya norma və qaydaları” sənəd layihəsi hazırlanıb.

Layihə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida məhsullarında aşkar edilən çirkləndiricilərin yolverilən maksimum miqdarını müəyyənləşdirir. Sənəd layihəsinin hazırlanmasında məqsəd qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsidir.

Qeyd edək ki, layihənin hazırlanmasında Kodeks Alimentarius Komissiyasının “Qida məhsulları və yemlərdə çirkləndirici və toksinlər üçün ümumi standart” (CODEX STAN 193-1995) və “Yeyinti məhsullarında müəyyən çirkləndiricilər üçün maksimum səviyyələrin qurulması” Avropa Birliyi Komissiyasının 1881/2006 saylı Reqlamentinə istinad edilib.

Sənəd layihəsində istifadə edilən çirkləndirici anlayışı qida məhsullarına məqsədli şəkildə daxil edilməyən, lakin onların ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi zamanı və ya ətraf mühitdən keçən maddə kimi mənaları ifadə edir.

Qeyd edək ki, bu qaydalarda əksini tapan tələblər həşərat qalıqları, gəmiricilərin tükləri və digər yad cisimlərə daxil deyil. Bundan başqa, qida məhsullarının minimum keyfiyyətinə təsir göstərən, lakin insan sağlamlığında heç bir təsirə malik olmayan çirkləndirici maddələr, pestisid qalıqları, baytarlıq preparatlarının və yem əlavələrinin (qida dəyərliliyindən asılı olmayaraq bilavasitə yem kimi istifadə edilməyən,  məqsədli şəkildə əlavə edildikdə yem və ya heyvan mənşəli qida məhsullarının xüsusiyyətlərinə təsir edən istənilən inqrediyent) qalıqları, mikrob toksinləri (məsələn: botulinik toksin və stafilokokk enteretoksinləri kimi) və mikroorqanizmlər qaydaların əhatə dairəsinə aid edilmir. Həmçinin istehsal zamanı istifadə edilən köməkçi maddələrin (aparat və avadanlıqlar istisna olmaqla, qida komponenti qismində istifadə edilməyən, emal zamanı müəyyən texnoloji məqsədlərə nail olmaq üçün məqsədli şəkildə xammalın, qida məhsulları və ya onların inqrediyentlərinin emalında istifadə olunan və son məhsulda mövcudluğu qaçılmaz olan hər hansı bir material və ya maddə (məsələn: üzvi turşular, pH tənzimləyiciləri, enzimlər (rennet) qalıqları da “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya norma və qaydaları”nın əhatə dairəsinə şamil edilmir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır