AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Qırğızıstanın Baytarlıq Xidmətinin nümayəndəsi AQTİ-də olub
02-03-2023 17:48

Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Xidmətinin müdir müavini Bakıt Şarapov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.

AQTİ-də keçirilən görüşdə B.Şarapova İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.

Görüş zamanı qonaq ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumatlandırılıb. İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.

Görüşdən sonra B.Şarapov AQTİ-nin nəzdində fəaliyyət göstərən Mərkəzi Baytarlıq Laboratoriyasına, Kompleks Tədqiqatlar Laboratoriyasına və Milli Referens Laboratoriyasına baxış keçirib. Qonaq laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıb. Eləcə də həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır