AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
“Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində görüşlər keçirilir
06-04-2024 14:51

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir. 

Kampaniya çərçivəsində növbəti görüş Azərbaycan Kooperasiya Universitetində təşkil edilib. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən "Şəkərin zərərləri", "Şəkər əvəzediciləri" və "Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti" mövzularında təqdimatlar olunub. Tələbələrin nəzərinə çatdırılıb ki, şəkərdən normadan artıq istifadə edilməsi insan orqanizmində ürək-damar xəstəlikləri, ll tip diabet, piylənmə, diş çürüməsi, uşaqlarda diqqət zəifliyi və allergik reaksiyaların yaranması, yeniyetmələrdə qavrama qabiliyyətinin aşağı düşməsi, immun sistemin zəifləməsi və xərçəng xəstəliyinin bəzi növlərinin yaranması ehtimalını artırması kimi problemlər yarada bilər. Ölkəmizdə isə adambaşına düşən illik şəkər istehlakı 1995-ci ildən 2023-cü ilə qədər olan müddətdə 125% artıb. 2022-ci ildə 1 nəfərin orta hesabla 27 kq şəkər istehlak etdiyi müəyyən olunub ki, bu da gündə təxminən 74 q şəkərdən istifadə deməkdir. Qeyd edilən göstərici isə Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan 25 qramdan (6 çay qaşığı) 3 dəfə çoxdur. Bundan əlavə, 2012-ci ildən 2023-cü ilə qədər olan müddətdə əhalinin kakao, şokolad və şəkərli qənnadı məmulatları, eləcə də şirinləşdirilmiş mineral və qazlı su istehlakında 40% artım müşahidə olunub. Qeyd edilən tendensiyanın arzuolunan olmadığını bildirən mütəxəssislər sağlam gələcək üçün qida rasionunda şəkər istehlakının azaldılmasını, o cümlədən şəkər əlavə edilmiş məhsulların normadan artıq istehlak olunmamasını vacib hesab ediblər.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Agentlik “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Bu çərçivədə təhsil müəssisələrində görüşlərin keçirilməsi ilə yanaşı, iri ticarət mərkəzləri və supermarketlərdə stendlər qurulacaq. Stendləri ziyarət edən şəxslərə kampaniya ilə bağlı ətraflı məlumat veriləcək, onlara müxtəlif simvolik hədiyyələr təqdim olunacaq. Bu tədbirlərin yekunu olaraq, aprelin 26-da AQTİ-də "Qida Təhlükəsizliyi" Simpoziumu təşkil ediləcək.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır