AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi və digər aidiyyəti qurumlar ilə birlikdə onlayn brifinq keçirilib.
24-11-2020 18:43

8-24 noyabr Ümumdünya antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə həftəsi COVID-19 pandemiyası dövründə daha böyük əhəmiyyət kəsb edir. Bu il üçün əsas diqqət COVID-19 pandemiyası dövründə antibiotiklərə davamlılıq böhranının dayandırılmasına yönəlib.

Antimikrob preparatlara davamlılıqla bağlı müzakirə aparmaq və antibiotiklərin düzgün istifadəsi barədə məlumatlılığı artırmaq üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi və digər aidiyyəti qurumlar ilə birlikdə onlayn brifinq keçirilib.

Onlayn brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müavini Tamilla Əliyeva çıxış edərək antibiotiklərin nəzarətsiz və qeyri-rasional istifadəsinin heyvan və insan sağlamlığına təsiri, eləcə də AQTİ tərəfindən ölkə ərazisində heyvandarlıq, xüsusilə quşçuluq sahəsində antimikrob preparatlarından qida təhlükəsizliyi tələbləri çərçivəsində istifadənin təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

O bildirib ki, antimikrob baytarlıq preparatları (antibiotiklər) heyvandarlıqda xəstəliklərə qarşı yalnız müalicə və profilaktika vasitəsi kimi deyil, həmçinin “boy stimulyatoru” kimi yüksək çəki artımına nail olmaq məqsədilə geniş miqyasda istifadə olunur. Heyvan sağlamlığının təmin olunmasında və heyvan mənşəli qida məhsulları istehsalında antimikrob preparatlardan səmərəsiz və kortəbii istifadə nəticəsində yaranan antimikrob rezistentliyi (AMR) qida zəncirinin bütün mərhələlərində təzahür etməklə insan sağlamlığının qorunmasında ciddi problemlər yaradır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkə ərazisində heyvandarlıq, xüsusilə quşçuluq sahəsində antimikrob preparatların qida təhlükəsizliyi tələbləri çərçivəsində istifadənin təmin edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, antibiotiklərə lazımi səviyyədə nəzarət sistemini qurmaq üçün ilk öncə qanunvericilik bazası təkmilləşdirilməlidir.

AMR probleminin həlli üzrə Qlobal Fəaliyyət Planının həyata keçirilməsi üçün Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə üçtərəfli əməkdaşlıq çərçivəsində heyvandarlıqda istifadəsi nəzərdə tutulmuş antibakterial preparatlara dair beynəlxalq məlumat bazasının yaradılmasına rəhbərlik edir.

AQTİ-nin nəzdində qeyd edilən məsələlərin həlli üzrə Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla birgə AMR-a qarşı mübarizədə Milli Fəaliyyət Planının hazırlanması, heyvan mənşəli qida məhsullarında antimikrob baytarlıq preparatlarının təsiredici maddələrə görə laboratoriya müayinələrinin təkmilləşdirilməsi ilə bağlı İnstitutun əməkdaşlarından ibarət işçi qrup fəaliyyət göstərir.

Tamilla Əliyeva bildirib ki, AQTİ-nin qida məhsullarının tədqiqi üzrə müvafiq laboratoriyalarında heyvan mənşəli qida məhsullarında (ət, süd, bal və s.) antimikrob preparatların xüsusilə 17 antibiotiklərin qalıq miqdarlarının təyin olunur və bunun üçün bütün lazımi cihaz və avadanlıqlar mövcuddur. İnstitutun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamenti tərəfindən qida məhsulları üzrə risk dəyərləndirilmələri aparılır ki, bunun nəticəsində laboratoriyanın müayinə potensiyalı günün-gündən artırılır. Bunun nəticəsidir ki, yaxın gələcəkdə artıq bizim laboratoriyalarda əlavə olaraq 78 antibiotiklərin qalıq miqdar təyinini həyata keçirilməsi nəzərdə tutulur.

Antimikrob rezistentliyinin insan və heyvan sağlamlığı, eləcə də ətraf mühitlə bağlı qlobal təhlükələrini nəzərə alaraq, Azərbaycanın ixrac potensialını genişləndirmək və gücləndirmək üçün, idxal edilən qida və qida məhsullarının təhlükəsizliyinə əmin olmaq üçün beynəlxalq standartlarına harmonizasiya aparılmalıdır, mükəmməl qanunvericilik bazası yaradılmalıdır. Antibiotiklərin istifadəsinə dair vahid milli məlumat bazası yaradılmalı və bunun əsasında antibiotiklərin istifadəsinə nəzarət sistemi qurulmalıdır. AMR qida təhlükəsizliyinin təmin edilməsində bəşəri xarakterli təhdid olduğu üçün bu probleminin həlli beynəlxalq və milli qurumlararası sıx əməkdaşlıq tələb edir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır