AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib
13-05-2020 17:16

Mayın 17-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib. Konfrans 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində həyata keçirilib.

Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili, Avropa İttifaqının Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Baş Direktoratlığının siyasət məmuru Jan Bloumendal, dövlət və hökümət nümayəndələri, millət vəkilləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Agentliyin sədri Qoşqar Təhməzli qeyd edib ki, 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransının keçirilməsində əsas məqsədlərdən biri qida təhlükəsizliyi sahəsində xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələri səmərəli şəkildə əlaqələndirmək, həyata keçirmək və bu istiqamətdə mütəmadi olaraq fikir mübadiləsi aparmaqdan ibarətdir. Q.Təhməzli bəyan edib ki, Agentlik bu sahədə beynəlxalq təşkilatlarla hər cür əməkdaşlığa və birgə fəaliyyətə hazırdır. 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında Kodeks Alimentarius standartları, yerli qanunvericilik və beynəlxalq harmonizasiya, risklərə əsaslanan idxal qaydaları, HACCP sisteminin tətbiqi və qida təhlükisizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri, qida təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiya sistemi və izlənilməsi mövzularında sessiya müzakirələri aparılıb.

Tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov son illər ölkəmizdə aparılan islahatlar və qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı iştirakçılara məlumat verib. Qeyd edib ki, dövlətimizin başçısı tərəfindən həyata keçirilən kompleks tədbirlər əhalinin sağlam və təhlükəsiz qida ilə təmin olunmasına öz müsbət təsirini göstərməkdədir.

Konfransda Agentliyin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türk Standartlar İnstitutu (TSE), Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK), ABŞ Meriland Universiteti, ABŞ - Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Eyni zamada konfransda “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda qarşıya hədəf kimi qoyulmuş bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirəcək, kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfə verəcək, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına kömək edəcək.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır