ISO 22000:2018 “Qida təhlükəsizliyinin idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” beynəlxalq standartı üzrə sertifikatlaşdırma xidməti qida məhsullarının təhlükəsizliyini təmin edən idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğun şəkildə qurulduğunu və tətbiq olunduğunu göstərən xidmət növüdür. Bu xidmət müəssisədə qida təhlükəsizliyi risklərinin sistemli şəkildə idarə olunduğunu və məhsulların istehlaka yararlı və etibarlı şəkildə istehsal edildiyini təsdiq edir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (bundan sonra İnstitut adlandırılacaq) tərəfindən uyğunluq sertifikatının təqdim olunması prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müştəri tərəfindən müraciət forması və ərizə doldurularaq İnstituta təqdim olunur. Sonra İnstitut daxil olan müraciəti qiymətləndirir, təqdim olunan sənədləri yoxlayır və müştəriyə qiymət təklifi ilə birlikdə müqavilə təqdim olunur.
ISO 22000:2018 sertifikatlaşdırmasının növbəti mərhələsində müştərinin – qida subyektinin və onun obyektində tətbiq edilən qida təhlükəsizliyi idarəetmə sisteminin effektivliyi və standartın tələblərinə uyğunluğu qiymətləndirilir. Sonda aparılan audit və qiymətləndirmə proseslərinin nəticəsinə əsasən, müəssisə ISO 22000:2018 standartının tələblərinə cavab verdiyi halda, Sertifikatlaşdırma Komitəsinin qərarı ilə qida subyektinə etibarlılıq müddəti 3 (üç) il olan ISO 22000:2018 uyğunluq sertifikatı təqdim olunur. Sertifikatın qüvvədə olduğu müddətdə illik nəzarət auditləri vasitəsilə sistemin davamlı uyğunluğu təmin edilir. Ümumilikdə sertifikatlaşdırma prosesinin müddəti, müraciət edən qida subyektinin növündən, fəaliyyət sahəsindən, proseslərin mürəkkəbliyindən və tətbiq edilən idarəetmə sisteminin səviyyəsindən asılı olaraq dəyişə bilər.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən ISO 22000:2018 standartı çərçivəsində həyata keçirilən sertifikatlaşdırma prosesi qida məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması və dövriyyəsi sahələrində fəaliyyət göstərən müəssisələr üçün nəzərdə tutulmuşdur.
ISO 22000:2018 standartı üzrə sertifikatlaşdırma xidməti müəssisələrin bazar mövqeyinin güclənməsinə, istehlakçı inamının artmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradır.