Azərbaycan Respublikasının “Qida təhlükəsizliyi haqqında” Qanununun 17-ci maddəsinə əsasən, istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, habelə tərkibindəki allergenlər barədə dolğun məlumatlar verilməlidir.
Məhsulların etiketlənməsi aydın, dəqiq və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməlidir. Qida məhsullarının tərkibində istifadə edildiyi halda allergen maddələr etiketdə mütləq qeyd edilməlidir. Bu allergenlərə qlüten ehtiva edən taxıllar, xərçəngkimilər, molyusklar, yumurta, balıq, yer fındığı, soya, süd və süd məhsulları və digərləri daxildir.
Qida məhsullarında allergenlərin qeyd edilməsinin əsas məqsədi istehlakçıların məlumatlı və təhlükəsiz seçim etməsini təmin etmək, eləcə də qida allergiyaları ilə bağlı yarana biləcək sağlamlıq risklərinin qarşısını almaqdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və ictimai sağlamlığın təmin edilməsi məqsədilə məhsul tərkibi barədə dürüst, tam və şəffaf məlumatın təqdim olunmasına nəzarəti, eləcə də maarifləndirmə tədbirlərini ardıcıl şəkildə davam etdirir.