arrow

Emosional aclığı necə idarə etmək olar?

Emosional aclığı necə idarə etmək olar?
30-07-2026 14:33

Gündəlik həyatın gərginliyi, iş yükü, şəxsi problemlər bəzən insanı fərqinə varmadan yeməyə sövq edir. Belə hallarda yaranan aclıq hissi orqanizmin enerji ehtiyacından deyil, emosional vəziyyətdən qaynaqlanır. 

Bəzi insanlar sağlamlığını və enerjisini qorumaq məqsədilə qidalansa da, digərləri stress, narahatlıq, kədər və ya darıxmaq hissini azaltmaq üçün yeməyə üz tutur. Bu isə zamanla emosional qidalanma vərdişinin formalaşmasına səbəb ola bilər.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, bu vəziyyətin öhdəsindən gəlməyin ilk və ən vacib addımı emosional aclığı tanımaqdır. O bildirib ki, belə anlarda bir stəkan ilıq su içmək və diqqəti tamamilə başqa fəaliyyətə yönəltmək yemək istəyini azaltmağa kömək edə bilər.

Ekspert vurğulayıb ki, emosional qidalanmanın qarşısını almaq üçün gün ərzində balanslı və kifayət qədər qidalanmaq, müntəzəm fiziki aktivliklə məşğul olmaq, keyfiyyətli yuxu rejiminə riayət etmək və stressi sağlam üsullarla idarə etməyi öyrənmək böyük əhəmiyyət daşıyır.