Yay mövsümündə təbiət qoynunda istirahət edənlərin sayı artır. Bu zaman düzgün qidalanma və qida təhlükəsizliyi qaydalarına riayət olunması sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Mütəxəssislər açıq havada istirahət zamanı ağır, yağlı və həddindən artıq kalorili qidalardan uzaq durmağı tövsiyə edirlər. Onların əvəzinə tərəvəzlər, mövsümi meyvələr, yoğurt, zeytun yağı ilə hazırlanmış salatlar və tam taxıllı çörəklə hazırlanmış sendviçlər daha sağlam seçim hesab olunur.
Şirniyyatlar, çipslər və yüksək duzlu qəlyanaltılar əvəzinə qurudulmuş meyvələr, təzə meyvələr və ya az miqdarda çərəzlərə üstünlük verilməsi tövsiyə olunur. Qoz, fındıq və badam kimi çərəzlər kiçik porsiyalarla istehlak edildikdə faydalı qəlyanaltı hesab edilir. Çiyələk, alma, gilas, qarpız, yemiş və digər mövsümi meyvələr isə həm vitamin və mineral ehtiyacının ödənilməsinə, həm də orqanizmin maye balansının qorunmasına dəstək olur.
İsti havalarda qidaların daha tez xarab olmasını nəzərə alaraq, onların düzgün saxlanılmasına xüsusi diqqət yetirilməlidir. Ət, toyuq, balıq, yumurta, süd məhsulları və mayonez tərkibli salatlar portativ soyuducularda və ya soyuducu çantalarda saxlanılmalıdır. Tez xarab olan qidalar uzun müddət günəş altında və otaq temperaturunda qalmamalıdır.
Açıq havada yemək hazırlanarkən istifadə olunan qab-qacaq və mətbəx ləvazimatlarının təmizliyinə diqqət yetirilməli, çiy və bişmiş qidalar ayrı-ayrı qab və konteynerlərdə saxlanılmalıdır.
Həmçinin, istirahət zamanı kifayət qədər su qəbul etmək vacibdir. Şəkərli və qazlı içkilərin həddindən artıq istehlakı tövsiyə olunmur, çünki bu içkilər orqanizmdə maye itkisini artıra bilər.
Qida təhlükəsizliyi qaydalarına riayət edilməsi qida mənşəli infeksiyaların və zəhərlənmələrin qarşısının alınmasına kömək edir.