arrow

Qida mifləri: Tərkibində “E” kodu varsa, zərərlidir?

Qida mifləri: Tərkibində “E” kodu varsa, zərərlidir?
08-09-2026 16:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Qida mifləri” rubrikasının budəfəki buraxılışında qida məhsullarının tərkibində “E” kodunun olmasının həmin məhsulun sağlamlıq üçün zərərli olması ilə bağlı mövcud fikirlərə aydınlıq gətirilib.

AQTİ-nin mütəxəssisləri bildirirlər ki, məhsulun tərkibində “E” kodunun olması onun zərərli olduğunu göstərmir. “E” kodları qida əlavələrinin identifikasiyası üçün istifadə olunan kodlaşdırma sistemidir.

Mütəxəssislərin fikrincə, qida əlavələri məhsulların təhlükəsizliyinin təmin edilməsi, saxlanma müddətinin uzadılması, eləcə də rəng, dad, tekstura və digər xüsusiyyətlərinin qorunması və ya yaxşılaşdırılması məqsədilə istifadə oluna bilər. 

“E” kodu maddənin mütləq sintetik və ya zərərli olması demək deyil. Məsələn, askorbin turşusu (vitamin C) E300, lesitin E322, pektin isə E440 kodu ilə tanınır.

Qida əlavələrinin təhlükəsizliyi onların xüsusiyyətləri və istifadə miqdarından asılı olaraq elmi risk qiymətləndirilməsi əsasında müəyyən edilir. Bu səbəbdən yalnız etiketdə “E” kodunun olması məhsulu zərərli hesab etmək üçün əsas deyil.