arrow

Abşeron Regional Sınaq Laboratoriyası beynəlxalq akkreditasiyadan uğurla keçib

Abşeron Regional Sınaq Laboratoriyası beynəlxalq akkreditasiyadan uğurla keçib
01-12-2025 17:05

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Abşeron Regional Sınaq Laboratoriyası beynəlxalq standartların tələblərinə uyğun şəkildə fəaliyyətini davam etdirir.

Laboratoriya Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən ISO/IEC 17025:2017 — “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartı üzrə uğurla akkreditasiyadan keçib.

Bu akkreditasiya laboratoriyada həyata keçirilən ölçmə və analizlərin beynəlxalq səviyyədə etibarlı, dəqiq və etimad olunan nəticələr təqdim etdiyini təsdiq edir. ISO/IEC 17025:2017 standartı sınaq laboratoriyalarının texniki səriştəsini, əməkdaşların peşəkarlığını, avadanlıqların kalibrasiya vəziyyətini, nəticələrin doğruluğunu və idarəetmə sistemlərinin effektivliyini qiymətləndirən ən nüfuzlu beynəlxalq tələblər toplusudur.

Qeyd edək ki, Abşeron Regional Sınaq Laboratoriyası alkoqollu içkilər və taxıl məhsullarının sınaqları üzrə ixtisaslaşıb. Burada alkoqollu içkilərin 20-dən çox keyfiyyət və təhlükəsizlik göstəricisi üzrə müayinələri aparılır. Avropa ölkələrinin bazarlarına rəqabətqabiliyyətli şərab məhsullarının ixracı üçün tələb olunan sınaqlar da laboratoriyada beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.
Bununla yanaşı, laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS ISO/IEC 17025:2020 standartı üzrə də uğurla akkreditasiyadan keçib.