Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Alman – Azərbaycan Ticarət Palatası (AHK) nümayəndələri, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun üzvləri və sahibkarların iştirakı ilə görüş keçirilib.
Görüşdə AHK Azərbaycanın Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu tərəfindən hazırlanmış “Qida emalı və istehsalı sektorunda hüquqi, institusional və rəqəmsal islahatlar üzrə Mövqe Sənədi” yer alan təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, sənəddə qaldırılan bir sıra məsələlər artıq həllini tapıb. Bununla yanaşı, mövcud çətinliklərin aradan qaldırılması və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mümkün mexanizmlər müzakirə edilib.
Görüş zamanı AQTA tərəfindən qida təhlükəsizliyi sahəsində həyata keçirilən fəaliyyətlərin və aparılan islahatların beynəlxalq standartlara, Kodeks Alimentarius prinsiplərinə, eləcə də Avropa İttifaqının müvafiq qanunvericiliyinə və qabaqcıl təcrübəsinə uyğun şəkildə həyata keçirildiyi vurğulanıb. Bu baxımdan, mövqe sənədində əks olunan bir sıra təkliflərin Agentlik tərəfindən artıq tətbiq edilən və ya icrası davam etdirilən tədbirlərlə uzlaşdığı diqqətə çatdırılıb.
Sonda AQTA ilə AHK Azərbaycanın Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu arasında əməkdaşlığın daha da gücləndirilməsi barədə razılıq əldə olunub. Operativ koordinasiyanın təmin edilməsi məqsədilə hər iki tərəfdən əlaqələndirici şəxslər seçilib.