Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Memarlar İttifaqının
birgə təşkilatçılığı ilə “Təhlükəsiz qidanın memarlığı” mövzusuna həsr olunmuş
konfrans keçirilib.
Tədbirdə dövlət
qurumlarının nümayəndələri, memarlar, şəhərsalma üzrə mütəxəssislər, qida
sənayesi təmsilçiləri və AQTA yanında Məşvərət Şurasının üzvləri iştirak
ediblər. Konfransın keçirilməsində məqsəd qida zənciri obyektlərinin milli və
beynəlxalq standartlara uyğun olaraq planlaşdırılması, layihələndirilməsi və
tikintisi ilə bağlı ən yaxşı təcrübələrin müzakirəsini və təşviqini təmin
etməkdir.
Tədbirin rəsmi
hissəsində Agentliyin sədri Qoşqar Təhməzli qonaqları və iştirakçıları
salamlayaraq, dövlətin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyətinin
xüsusi rol oynadığını vurğulayıb. O qeyd edib ki, əlçatan mənzil təminatı və
dayanıqlı şəhər inkişafı ölkə rəhbərliyi tərəfindən əsas strateji
prioritetlərdən biri kimi müəyyən olunub.
Bildirilib ki,
bu kontekstdə 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi,
həmçinin Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi vahid və
məqsədyönlü yanaşmanın mühüm tərkib hissəsidir.
Q. Təhməzli
çıxışında AQTA-nın fəaliyyətində qlobal çağırışlara çevik uyğunlaşmanın təmin
edilməsi, eləcə də şəhərsalma proseslərinə töhfə verilməsi istiqamətində
görülən işlər barədə məlumat verib. O, qida təhlükəsizliyi sahəsində müasir
yanaşmaların tətbiqinin şəhər mühitinin sağlam və dayanıqlı inkişafında mühüm
rol oynadığını diqqətə çatdırıb.
Azərbaycan
Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Azərbaycanda
memarlıq və şəhərsalma sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və
qayğıdan bəhs edib. Bildirib ki, şəhərlər sosial infrastruktur, təhsil,
səhiyyə, nəqliyyat və məşğulluq imkanlarına görə daha cəlbedicidir. Bu isə
urbanizasiya məsələsini qlobal çağırışa çevirir. Əməkdar memarın sözlərinə
görə, Azərbaycanda urbanizasiya ilə bağlı məsələlərin həlli istiqamətində ciddi
işlər görülür. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin digər bölgələrində
də geniş quruculuq və abadlıq işləri aparılır, sosial və iqtisadi infrastruktur
yaradılır.
BMT-nin Ərzaq
və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində və Ümumdünya Şəhərsalma Forumuna
hazırlıq kontekstində belə bir konfransın təşkilini yüksək qiymətləndirərək
iştirakçılara uğurlar arzulayıb.
Daha sonra
konfrans plenar hissə və panel iclaslarla davam edib. Konfrans çərçivəsində
təhlükəsiz qida mühitinin formalaşdırılmasında memarlıq və şəhərsalmanın rolu,
müasir yanaşmalar və beynəlxalq təcrübə, eləcə də bu sahədə qarşıda duran
çağırışlar müzakirə olunacaq.